CƏMİYYƏT
Yarma alarkən onun saxlanma müddətinə və şəraitinə diqqət edilməlidir
Bakı, 24 iyun, AZƏRTAC
Yarma növləri bizim gündəlik qida rasionumuzda özünəməxsus rola malikdir. Onlar dənli, qarabaşaq və paxlalı bitkilərin emalı nəticəsində kənar qarışıqlardan, çiçək qişasından, meyvə qılafından, aleyron təbəqəsindən və rüşeymdən azad edilmiş bütöv, xırdalanmış, əzilmiş dəndən ibarət yeyinti məhsuludur. Yüksək qidalılıq dəyərinə malik olub, orqanizmdə yaxşı mənimsənilən, uşaqların və bir çox xəstələrin qidası üçün əvəzedilməzdir. Yarmaların tərkibində asan mənimsənilən karbohidratlar, bitki zülalları, müxtəlif vitaminlər və mineral maddələr var. Onlardan kulinariyada, uşaq və pəhriz qidalarında, həmçinin yeyinti konsentratları və müxtəlif konservlərin hazırlanmasında geniş istifadə olunur.
Müxtəlif yarma növləri biri digərindən formasına, ölçüsünə, rənginə, toxumalarının quruluşuna, nişasta dənələrinin formasına və ölçüsünə, biokimyəvi xassələrinə, vitaminlərin miqdarına görə fərqlənirlər. Bu məhsulların keyfiyyəti onların rütubətlilik səviyyəsi, rəngi, qoxusu, dadı, ziyanvericilərin təsirinə məruz qalması, iriliyi və ona edilmiş əlavələrin tərkibi və s. əsasən müəyyən edilir.
Yarmaların çoxsaylı növləri və tipləri var. Lakin bunların içərisində gündəlik qidamızda istifadə etdiklərimiz xüsusilə əhəmiyyətlidir. Bu baxımdan düyünü, qarabaşaq yarmasını, lobyanı, mannı yarmasını, noxudu qeyd edə bilərik.
Uşaq qidası üçün nəzərdə tutulmuş düyü, arpa, qarabaşaq və mannı yarmasını qaydaya uyğun olaraq kağız, sellofan və perqament torbalara qablaşdırılır.
İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən AZƏRTAC-a bildiriblər ki, yarma məmulatları qablaşdırıldıqdan sonra mütləq markalanmalı və etiketdə əmtəə nişanı, istehsalçı müəssisənin adı və ünvanı, məhsulun adı, həcmi, istehsal və qablaşdırılma tarixi, saxlama şəraiti və müddəti, hazırlanma üsulu, məhsulda standartın və ya digər elmi-texniki sənədin nömrəsi, məhsulun tərkibi, qida dəyərliliyi haqda məlumat və s. məlumatlar olmalıdır.
Yarma məmulatları ticarət obyektlərinə partiyalarla qəbul edilir və bu zaman onun normativ-texniki tələblərə uyğun olaraq qablaşdırılması və markalanması yoxlanılır. Yalnız keyfiyyəti müvafiq tələblərə uyğun olan yarma məmulatlarının satışına icazə verilir.
Yarma məmulatları quru, yaxşı havalandırması olan, sanitar qaydalara riayət olunan, ziyanvericilərin təsirinə məruz qalmayan yerdə, 18ºC-dək temperaturda və nisbi rütubəti 60-70 faiz olan otaqlarda saxlanmalıdır. Bu halda onların kəskin qoxusu olan məhsullarla bir yerdə saxlanılması qadağandır.
Optimal şəraitdə yarmalardan qarabaşaq yarması, təmizlənmiş düyünü 18 ay, döyülmüş düyünü 16 ay, mannı və qarğıdalını 10 ay, təmizlənmiş bütöv noxudu 24 ay, yulaf yarması və unu 4 ay saxlamaq mümkündür.
İstifadə edilən texnologiya və qablaşdırmadan asılı olaraq tez bişən yarmaların saxlama müddəti 6 aydan 12 aya qədər ola bilər. Bu məmulatların qablaşdırılmasının üzərində onların son istifadə müddəti mütləq qeyd edilməlidir.
Yarmalar texnoloji qaydaların standartlarına uyğun hazırlanmalıdır. İstehlakçıların həyatı, sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi üçün yarma məmulatları ticarət şəbəkəsinə partiyalarla qəbul olunmalı və hər bir partiya mal keyfiyyət göstəriciləri və normalarını özündə mütləq əks etdirən sənədlərlə müşayiət olunmalıdır.
Orqanoleptiki üsulla yarmaların xarici görünüşünü, rəngini, dadını və iyini təyin edə bilərsiniz. Yarma konsentratlarını orqanoleptiki üsul ilə qiymətləndirdikdə onları əvvəlcə bişirir və sonra tədqiq edirlər. Fiziki-kimyəvi göstəricilərdən yarmaların nəmliyi, sağlam nüvənin və kənar qarışıqların miqdarı, yarmanın ölçüsü və bircinsliyi, bəzi növ yarmalarda külün miqdarı və s. göstəricilər öyrənilir.
Yarmaların keyfiyyətini yoxlayarkən onların rənginə, səthinin vəziyyətinə, quruluşunun xüsusiyyətlərinə, formasına və konsistensiyasına, alarkən isə saxlama müddəti və şəraitinə diqqət yetirilməlidir.