ELM VƏ TƏHSİL


Yaşadığımız günlərin qüruru

Bakı, 29 oktyabr, AZƏRTAC

Dünən Azərbaycan, qardaş Türkiyə, həmçinin müxtəlif ölkələrin telekanalları ilə bütün dünya oktyabr ayının 27-də Ermənistan tərəfindən Bərdə rayonunun Qarayusifli kəndinin müxtəlif istiqamətlərdən kasetli raketlərlə atəşə tutulması nəticəsində həlak olmuş insanlardan birinin - 7 yaşlı Aysunun dəfnini gördü. Televiziyalarla göstərilən o kadrı da gördülər ki, həyətə sadəcə olaraq oynamaq üçün çıxmış yeddi yaşlı balamız cəbhə bölgəsindən 55-60 kilometr uzaqdakı bir ərazidə, heç bir hərbi obyektin olmadığı bir yerdə amansızlıqla öldürülüb. Bu, düşmənin eyni üsulla oktyabrın 4-də və ondan sonra Gəncəyə, Tərtərə, Ağcabədiyə, Goranboya və digər yerlərə atdığı, həmin vaxta qədər öldürülən 69-cu dinc sakinlərdən növbətisi idi. Səhəri gün düşmən kasetli mərmilərlə təchiz edilən raket zərbələri ilə Bərdə şəhərini yenidən hədəfə alacaq. Bu dəfə qurbanların sayı 21 nəfər olacaq, yaralıların sayı isə 70-ə çatacaq.

Bütün bunlar Ermənistan dövlətinin əxlaq normalarının göstəricilərindən biridir. Həmin dövlətin ki, faşizmi dövlət ideologiyasına çevirmiş, Göyçə, Vedi, Naxçıvan və onlarla digər yerlərdə insan ağlına gəlməyəcək formalarda on minlərlə azərbaycanlını ancaq azərbaycanlı olduğuna görə öldürən və bununla qürurlanan Qaregin Njdeyə, onun kimi insanlara heykəllər ucaldır, onu “milli qəhrəman” elan edir. Bu o dövlətdir ki, elan olunduğu vaxtdan günümüzə qədər - istər 1918-ci ildə, istərsə də 1991-ci ildə regionda müharibə və gərginlik ocağına çevrilib. Ermənistan dünyanın barmaqla sayılan dövlətlərindəndir ki, onun ideologiyasında məqsədə çatmaq üçün terror belə məqbul sayılır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universiteti Filologiya fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova bildirib.

Professor deyib: “Azərbaycan Respublikasının Ermənistan silahlı qüvvələri tərəfindən 27 ildir ki, işğal edilmiş ərazilərinin azad olunması uğrunda gedən döyüşlərdə mülki əhalimizin terrora hədəf olması onu göstərir ki, bu mənfur dövlətin xisləti dəyişməyib. Ermənistanda bir həqiqəti anlamırlar ki, haqq-ədalət uğrunda çarpışmaya qalxan bir milləti bu cür üsullarla tutub getdiyi yoldan döndərmək mümkün deyil.

Verdiyimiz şəhidlərin ağrısına baxmayaraq, Azərbaycan indi inamlı günlərini yaşayır.

Xalqımızın tarixinə yazılan bu günlərin şahidi olmaq imkanını qazanmış hər bir azərbaycanlı üçün qürurlu anlardır. Məsələ təkcə onda deyil ki, 27 il əvvəl zor və ölüm təhdidi altında çıxarıldığımız müqəddəs torpaqlarımıza Azərbaycan əsgərinin çəkmələrinin izi ilə qayıdırıq; məsələ daha çox onunla bağlıdır ki, həmin 27 ilin içində güclü bir dövlət qura bilmişik və dövlətimiz pozulmuş ərazi bütövlüyümüzü bu gün bərpa edir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın arzuları reallığa çevrilir.

Onu da vurğulamaq yerinə düşər ki, dövlətimizin əsası Ulu Öndər tərəfindən qoyulmuş xarici siyasəti bu gün uğurla davam etdirilir. Müasir müstəqil Azərbaycan Respublikası bu gün müstəqil xarici siyasət yürüdür. Beynəlxalq təşkilatların ikili standartları isə göz qabağındadır. Azərbaycanda göstərdiyi mənəvi dəstəyə görə, milyonlarla azərbaycanlılardan biri kim, qardaş Türkiyə Respublikasına minnətdarlığımızı ifadə edirik. Həmçinin Pakistan İslam Respublikasının, sadə pakistanlıların Azərbaycana göstərdiyi dəstək hər bir azərbaycanlının yaddaşına minnətdarlıq hissləri ilə həkk olundu. Dünyanın digər ölkələrinə xalqımızın haqq sözünü, sadəcə olaraq, dinlədiklərinə görə təşəkkür edirik. Dünyada Azərbaycanı, necə varsa, eləcə, bütün mahiyyəti ilə tanıdan və öz xarici siyasətində onu təqdim edən Prezidentimizə sağ olun deməklə bərabər, xalqının hər məqamda onun yanında olduğunu, ətrafında sıx birləşdiyini bəyan edirik. Onu da bildiririk ki, cəbhədəki məğlubiyyətlərindən quduzlaşaraq dinc sakinləri hədəf alan, mülki əhalidə xof və vahimə yaradacağını zənn edən düşmən bu dəfə də yanılır. Qəlbində Qarabağ təşnəsi olan xalq qürurumuz olan, Kəbəmiz, Kərbalamız qədər qiymətli Vətən parçasına qovuşmaq üçün hər cür məhrumiyyət və itkilərə hazırdır. Təki, Vətən bütöv və var olsun!”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.