SİYASƏT


Yasamal birinci seçki dairəsi dairə seçki komissiyasında seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar davam edir

Bakı, 25 avqust, AZƏRTAC 

Azərbaycan Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na əsasən aşağı seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi məqsədilə bütün respublikanı əhatə edən irimiqyaslı layihənin ikinci mərhələsi çərçivəsində avqustun 25-də 15 saylı Yasamal birinci seçki dairəsi dairə seçki komissiyasında aşağı seçki komissiyalarının katibləri, üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar davam edir.

AZƏRTAC xəbər verir ki, dairə seçki komissiyasının sədri Sərdar Süleymanov 15 saylı Yasamal birinci seçki dairəsi dairə seçki komissiyasında Milli Məclisə seçkilərlə bağlı hazırlıq işlərindən, seçkilərin keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının vəzifələri və fəaliyyətlərinin təşkilindən danışıb. Bildirilib ki, 43 min 230 seçicisi olan dairə seçki komissiyasının ərazisində 31 daimi seçki məntəqəsi fəaliyyət göstərir. Məntəqələrdən 10-da veb-kamera quraşdırılıb. Komissiya üzvlərinin normal fəaliyyət göstərməsi üçün məntəqələrdə hər cür şərait yaradılır. Qeyd edilib ki, dairə seçki komissiyası səsvermə prosesinin əvvəlki seçkilərdə olduğu kimi, bu dəfə də Seçki Məcəlləsində, Konstitusiyada və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş qaydada, təlimata uyğun yüksək səviyyədə keçirilməsini təmin edəcək.

Kursun ikinci günündə “Seçki prosesində KİV-lərin rolu, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri”, “Seçici siyahılarının təkmilləşdirilməsi, rəsmi seçki sənədlərinin daşınması və saxlanılmasının təhlükəsizliyinin təmin edilməsi, habelə asayişin qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının rolu. Onların seçki komissiyaları ilə qarşılıqlı əlaqələri” mövzularında məruzələr dinlənilib. İxtisaslaşdırılmış kurslarda, həmçinin seçkilərə hazırlıq prosesində dairə və məntəqə seçki komissiyalarının üzərinə düşən vəzifələrdən ətraflı danışılıb.

Avqustun 26-da başa çatacaq kurslar 16 saylı Yasamal ikinci və 17 saylı Yasamal üçüncü seçki dairələri dairə seçki komissiyalarında da keçirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.