MƏDƏNİYYƏT
Yasamal kitabxanası uşaq bağçasında Novruz tədbiri keçirib
Bakı, 18 mart, AZƏRTAC
M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə “Balaca alim” uşaq bağçasında Novruz bayramına həsr olunmuş tədbir keçirilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirdə bağçanın müdiri Nayma Qəhrəmanova çıxış edərək Novruz bayramının tarixi əhəmiyyətindən danışıb.
Novruzun ən qədim bayramlardan olduğunu deyən N.Qəhrəmanova xalqımızın bu günə qədər yaşatdığı, qoruyub, gələcək nəsillərə ötürdüyü bu bayramın müstəqillik qazandıqdan sonra daha da təmtəraqla qeyd olunduğunu vurğulayıb.
Kitabxananın şöbə müdiri Sevil Namazova və böyük metodist İradə Hüseynova bayram münasibətilə uşaqları təbrik ediblər.
Kitabxananın əməkdaşları yaratdığı şəraitə görə, bağça rəhbərliyinə və kollektivinə təşəkkürlərini bildirib.
Sonda yazıçı Gülzar İbrahimova tərəfindən uşaqlara kitab, “Sehrli dünya” jurnalları və disklər hədiyyə olunub.