CƏMİYYƏT
Yasamal məktəbliləri narkotikə yox deyir




Bakı, 7 iyun, AZƏRTAC
İyunun 6-da Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə imzaladıqları Tədbirlər Planının müvafiq bəndinin icra edilməsi məqsədilə Bakı şəhəri Yasamal rayonunun 52 saylı tam orta məktəbində “26 iyun - Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar maarifləndirici tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a Dövlət Komissiyasının mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun, Bakı şəhəri üzrə Təhsil İdarəsinin, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Bakı Şəhər İcra Hakimiyyətinin və Bakı şəhər üzrə Narkoloji Mərkəzinin nümayəndələri iştirak ediblər.
Şagirdlərə narkomaniyanın doğurduğu faciələr, narkotik vasitələrdən asılılıq, psixoaktiv maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, narkotiklərin insan orqanizminə məhvedici təsirləri, o cümlədən asudə vaxtın səmərəli təşkili barədə ətraflı məlumat verilib.
Sonda işçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı bukletlər iştirakçılara təqdim edilib.