MƏDƏNİYYƏT
Yasamal rayon Heydər Əliyev Mərkəzi ilə tanışlıq şagirdlərdə zəngin təəssürat yaradıb
Bakı, 6 dekabr, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq məktəblilərin Yasamal rayon Heydər Əliyev Mərkəzinə ekskursiyası davam edir.
AZƏRTAC xəbər verir ki, 173 nömrəli tam orta məktəbin şagirdləri Yasamal rayon Heydər Əliyev Mərkəzində olublar.
Məktəblilər mərkəzin “Muzey” bölməsi ilə tanış olublar. Mərkəzin bələdçisi Mayrux Cavadova şagirdlərə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətləri özündə əks etdirən eksponatlar, fotoşəkillər və kitablar haqqında ətraflı məlumat verib.
Sonra mərkəzin böyük elmi işçisi Arifə Mustafayeva şagirdlərə ümummilli lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyətindən, Ulu Öndərin Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu sahəsindəki misilsiz xidmətlərindən danışıb.
Sonda şagirdlər ümummilli lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyətindən bəhs edən sənədli filmi izləyiblər.
Mərkəzlə tanışlıq şagirdlərdə zəngin təəssürat yaradıb.