MƏDƏNİYYƏT
Yasamal rayon Heydər Əliyev Mərkəzində Nəsiminin yubileyinə həsr olunmuş sərgi açılıb
Bakı, 29 dekabr, AZƏRTAC
Yasamal rayon Heydər Əliyev Mərkəzində Azərbaycanın böyük şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Gövhəri–laməkan” adlı sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgi Azərbaycan Rəssamlar İttifaqının üzvləri Elnurə və Aygün İsgəndərovaların təşkilatçılığı, Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin dəstəyi ilə keçirilib.
Tədbiri Yasamal rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Azər Zeynalzadə açaraq Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsi haqqında ətraflı məlumat verib.
Azərbaycan Rəssamlar İttifaqının üzvü Elnurə İsgəndərova qeyd edib ki, ötən illər ərzində Nəsiminin xatirəsinin əbədiləşdirilməsi istiqamətində silsilə tədbirlər həyata keçirilib və onun ədəbiyyatda, incəsənətdə parlaq obrazı yaradılıb və ittifaqın təşkilatçılığı ilə rəsm sərgiləri və müsabiqələr təşkil olunub.
Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nazilə Rəhimova bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə bu il ölkəmizdə mütəfəkkir-şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar “Nəsimi ili” elan olunub və bununla bağlı Azərbaycanda, o cümlədən xaricdə müxtəlif tədbirlər həyata keçirilir, şairin kitabları nəşr olunur, mətbuatda Nəsimi yaradıcılığı geniş təbliğ edilir.
ADPU-nun müəllimi İslam Gülmalıyev şairin qəzəllərindən nümunələr söyləyib.
Sərgidə 40 rəssamın 40-a yaxın əsəri nümayiş olunub.
Sonda tədbirin fəal iştirakçıları diplomlarla təltif edilib.