MƏDƏNİYYƏT
Yasamal rayon Heydər Əliyev Mərkəzində Silahlı Qüvvələrin 100 illik yubileyi qeyd olunub
Bakı, 24 iyun, AZƏRTAC
Yasamal rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbir “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə reallaşdırılan “Şəhid olan qəhrəmanların gənclər arasında tanıdılması məqsədilə konfransların keçirilməsi” layihəsi çərçivəsində təşkil edilib.
Tədbir iştirakçıları əvvəlcə Mərkəzin muzey bölməsi ilə tanış olublar. Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AZƏRTAC xəbər verir ki, Yasamal rayon Heydər Əliyev Mərkəzinin fondunun baş mühafizi Azər Zeynalzadə Azərbaycanda ordu quruculuğunun tarixindən söz açıb.
TUMİB-nin sədri Çingiz Bayramov çıxışında bildirib ki, hər bir qeyri-hökumət təşkilatının ümdə vəzifələrindən biri də Azərbaycanın qəhrəmanlıq tarixini təbliğ etmək, Milli qəhrəmanlarımızı və ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət göstərmiş şəxsləri yeniyetmə və gənclər arasında tanıtmaqdır.
Yasamal Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Vaqif Məmmədov çıxışında Silahlı Qüvvələrin inkişafında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olduğunu və bu siyasətin hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ordumuzun inkişaf və təkmilləşmə dövrünü yaşadığını vurğulayıb.
Sonda “Heydər Əliyev və ordu quruculuğu” filmi nümayiş olunub.