CƏMİYYƏT
Yasamal rayon məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Gəncəyə yola düşüblər
Bakı, 18 noyabr, AZƏRTAC
Noyabrın 18-də Yasamal rayon orta ümumtəhsil məktəblərinin IX-XI siniflərində təhsil alan 40 şagird “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Gəncə şəhərinə yola düşmək üçün Yasamal rayon Heydər Əliyev Mərkəzinə toplaşıblar.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Tədbirdə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov deyib ki, artıq altıncı ildir Azərbaycanın orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaları təşkil olunur. Dövlətimizin başçısı İlham Əliyevin tövsiyəsinə əsasən, Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyalar gözəl ənənə halı alıb. Bu layihənin əsas məqsədi gənclərdə ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri barəsində əyani təsəvvür yaratmaq, onlarda vətənpərvərlik hisslərini yüksəltməkdir.
Altı il ərzində həyata keçirilən on iki aksiya çərçivəsində 27 minə yaxın gənc bölgələrimizə səfər edib. On ikinci aksiyada 3 mindən çox gənc iştirak edir. Bununla da “Ölkəmizi tanıyaq” tur-aksiyalarında iştirak edən məktəblilərin sayı 30 mindən çox olacaq.
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində bu gün Yasamal rayonundan olan 40 məktəbli Gəncə-Şəmkir-Göygöl istiqaməti üzrə yola düşərək tarixi məkanlarla, yeni tikililərlə yaxından tanış ola biləcəklər.
Tur-aksiya iştirakçısı, 158 saylı orta məktəbin şagirdi Fəridə Hacızadə layihədə iştirak etdiyi üçün sevincli olduğunu bildirərək deyib: “Kitablarda, dərsliklərdə oxuduğumuz, öyrəndiyimiz məlumatları əyani şəkildə görmək bizim üçün çox faydalı olacaq. Bütün şagirdlərin bu aksiyanın iştirakçısı olmasını istərdim. Bizə belə şərait yaratdığı üçün ölkə başçısına minnətdaram”.
173 nömrəli məktəbin şagirdi Azər Məlikov aksiyanın onlara Vətənimizin gözəl guşələrini görmək, tarixi abidələrimizlə yaxından tanış olmaq şansı verəcəyini qeyd edib. O, tur-aksiyada iştirakdan məmnunluğunu ifadə edərək, yaradılan imkana görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Tədbir bədii hissə ilə davam edib.
Sonra iştirakçılar onlar üçün ayrılan xüsusi avtobusla Gəncə şəhərinə yola salınıblar.