CƏMİYYƏT
Yasamal rayon məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak etməyin sevincini yaşayırlar
Bakı, 11 noyabr, AZƏRTAC
Noyabrın 11-də Yasamal rayon orta ümumtəhsil məktəblərinin IX-XI siniflərində təhsil alan 40 şagird “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Lənkəran şəhərinə yola düşüb.
AZƏRTAC xəbər verir ki, məktəblilər Lənkəran-Astara-Masallı istiqaməti üzrə səfər edəcək, tarixi məkanlarla, yeni tikililərlə yaxından tanış olacaqlar. Məktəblilərin Lənkəranda “Qoşa qala” qapıları, Həzi Aslanovun ev-muzeyi, Dairəvi qala, Mayak binası, Hirkan Milli Parkı, Xanbulan gölü, çay plantasiyaları və sitrus meyvə bağlarına, Astarada şəhər bulvarı, “Yanar bulaq” və “Astaraçay” çay fabrikinə, Masallıda Tarix-Diyarşünaslıq Muzeyi, Uşaq İncəsənət Məktəbi, Dövlət Rəmzləri Muzeyi, “ASAN həyat” kompleksi və Viləşçay su anbarına ekskursiyası nəzərdə tutulur.
Tur-aksiyanın bələdçisi Məlahət Babakişiyeva deyib ki, respublikamızın regionlarına səyahət şagirdlərdə xalqımızın malik olduğu multikultural dəyərlər barədə hərtərəfli təsəvvür formalaşdırır. Bu maarifləndirici tur-aksiya gənclərin tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasına böyük töhfə verir.
Bələdçi Səbuhi Quliyev bu layihənin məktəblilərin dünyagörüşünün daha da zənginləşməsinə kömək etdiyini vurğulayıb. Qeyd edib ki, məktəblilər tur-aksiya zamanı Vətənimizin inkişafını öz gözləri ilə görür və yeni biliklər əldə edirlər.
Məktəbli Gülnisə Həsənova layihənin əhəmiyyətindən danışaraq deyib: “Ölkəmizi tanıyaq” devizi ilə reallaşdırılan maarifləndirici tur-aksiya biz gənclərin yaddaşında silinməz izlər buraxacaq. Biz tarixi yerləri görəcək, onlar haqqında məlumatlar əldə edəcəyik. Bu layihə çərçivəsində müxtəlif regionlarımızla tanış olacaq və Vətənimizin inkişafını daha yaxından görəcəyik. Bu şəraiti bizə yaratdığı üçün dövlətimizin başçısı İlham Əliyevə minnətdarıq”.
Sonra Yasamal rayon məktəbliləri Lənkəran şəhərinə yola düşüblər.