İQTİSADİYYAT


Yasamal rayonu ərazisindəki Tbilisi prospektində təmir işləri yekunlaşıb VİDEO

Bakı, 5 sentyabr, AZƏRTAC

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Bakı şəhərinin Yasamal rayonu ərazisindəki Tbilisi prospektində təmir işləri artıq yekunlaşıb.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, təmir işləri prospektin Abbasqulu ağa Bakıxanov küçəsindən Əbdülvahab Salamzadə küçəsinə qədər uzunluğu 1630 metr olan hissəsində hər iki istiqamət üzrə aparılıb.

Belə ki, ərazidə köhnə asfalt-beton örtüyünün üst qatının frezlənərək kənara daşınması, ardınca əlaqələndirici bitum səpilməklə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub. Ümumilikdə 39 min 260 kvadratmetr sahədə təmir işləri həyata keçirilib.

Prospektdə aparılan təmir işləri hərəkət intensivliyi nəzərə alınaraq əsasən gecə saatlarında və həftə sonları icra olunub. Zərurət yarandığı hallarda isə gecə saatlarında başlanılan təmir işlərinin icrası gündüz saatlarında da davam etdirilib. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunaraq, zəruri hallarda ikinövbəli iş qrafiki tətbiq edilib.

Təmir işləri görülən müddətdə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən ərazidə hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin olunub.

Sözügedən işlər yekunlaşdıqdan sonra avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün yolgöstərici və yol-cizgi xətlərinin, həmçinin piyada zolaqlarının çəkilişi işləri aparılaraq prospekt müasir görkəmdə istifadəyə verilib.

Bütün işlər “İnşaat Norma və Qaydaları”na uyğun, tərtib olunmuş qrafiklə sürətlə və keyfiyyətlə icra edilib.

Qeyd olunub ki, cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Yasamal rayonunda ümumi uzunluğu 6 kilometr təşkil edən 5 küçənin təmiri işləri icra olunur. Bu çərçivədə Tbilisi prospekti ilə yanaşı, artıq II Alatavanın 2 kilometr uzunluğa malik daxili yolları və 860 metr uzunluğunda olan Ələsgər Ələkbərov küçəsinin də təmiri yekunlaşıb.

Xatırladaq ki, 2021-ci ildə Yasamal rayonunda ümumi uzunluğu 3,5 kilometr olan küçələrdə təmir işləri aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.