CƏMİYYƏT
Yasamal rayonunda 2 min nəfərin iştirakı ilə keçirilən aksiyada 3700 müxtəlif növ ağac əkilib
Bakı, 6 dekabr, AZƏRTAC
Dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə ölkəmizdə 650 min ağac əkilməsi təşəbbüsü ilə bağlı aksiya Yasamal rayonunda da keçirilib.
AZƏRTAC xəbər verir ki, Nəsimi irsinin beynəlxalq aləmdə təbliği, onun xatirəsinin əbədiləşdirilməsi, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılması məqsədi daşıyan ağacəkmə kampaniyasında Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, tələbələr, şagirdlər, Qarabağ müharibəsi veteranları, idarə və müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri, təsərrüfat xidmətləri işçiləri iştirak ediblər.
Yasamal rayonu ərazisində Kənar dairəvi yolda - Bakı şəhər DYP-nin qarşısında “Pullman” otelinin yanında və DYP ilə maşın bazarının arasında, Həsən bəy Zərdabi küçəsində - “Qələbə” dairəsindən “20 Yanvar” metro stansiyasınadək, Mətbuat prospekti boyunca, Yeni Yasamal-2 ev 10-nun arxasında, məhəllədaxili həyətlərdə təmizlik işləri aparılıb, ağacəkmə kampaniyası böyük coşqu ilə keçirilib.
İki min nəfərin iştirak etdiyi ağacəkmə kampaniyasında şam, küknar, dekorativ gül və kol bitkiləri olmaqla, ümumilikdə 3700 müxtəlif növ ağac əkilib.
Tədbirdə 4 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin mahnı və rəqs kollektivinin çıxışları insanlarda bayram əhval-ruhiyyəsi yaradıb. Gənclər və tələbələr ərazidə yallı gedərək havaya bayraq rəngli şarlar uçurublar.
650 min ağacın əkilməsi ölkəmizdə yaşıllıqların daha da artırılmasına, bütün bəşəriyyət üçün qlobal problem olan iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına, karbon qazının udulmasına, həm də torpaqların şoranlaşmasının qarşısının alınmasına müsbət təsir göstərəcək.
Çıxış edənlər bu aksiyanın insanları nəcib təşəbbüslər ətrafında birləşdirməyə yönələn xeyirxah ənənənin əsasını qoyacağından söz açıblar.
Aksiya çərçivəsində Yeni Yasamal yaşayış massivində genişmiqyaslı təmizlik-abadlıq işləri, ərazilərdə yeni ağacların, dekorativ kol və güllərin əkilməsi, əvvəlki illərdə salınmış yaşıllıqlara qulluq göstərilməsi işləri görülərək axşam saatlarınadək davam etdirilib.