CƏMİYYƏT
Yasamal rayonunda 352 ədəd təlim məqsədli hərbi sursat aşkarlanıb
Bakı, 23 oktyabr, AZƏRTAC
Oktyabrın 22-də saat 12:04-də Daxili İşlər Nazirliyinin “102” Zəng mərkəzi sistemindən və saat 12:09-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Bakının Yasamal rayonunda, İnşaatçılar prospekti 7 ünvanında hərbi sursatın tapılması barədə məlumatlar daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumatlara əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Yasamal Rayon Polis İdarəsinin və Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları dərhal əraziyə göndərilib. Hər üç qurumun əməkdaşları ərazidə 175 saylı tam orta məktəbin zirzəmisinə birlikdə baxış keçiriblər.
Aparılan təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən içərisində heç bir partlayıcı maddə olmayan 352 ədəd müxtəlif növ təlim məqsədli hərbi sursat aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Sursatların tapıldığı yerin ətrafında 400 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.