İQTİSADİYYAT


Yasamal rayonunda 4 küçədə təmir işləri aparılır VİDEO

Bakı, 21 iyun, AZƏRTAC

Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən davamlı olaraq paytaxtın bəzi küçə və prospektlərində rahat gediş-gəlişin təmin edilməsi məqsədilə təmir-tikinti işləri icra olunur.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, hazırda təmir işləri Yasamal rayonunun Murtuza Muxtarov küçəsinin Bəsti Bağırova küçəsi ilə kəsişməsindən Süleyman Rəhimov küçəsi ilə kəsişməsinədək olan hissəsində aparılır. Uzunluğu 900 metr təşkil edən küçəboyu köhnə asfalt-beton örtüyünün yenilənməsi işləri həyata keçirilir və artıq işlər son mərhələdədir. Bu işlərə paralel olaraq, küçəboyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi də bərpa olunaraq işlək vəziyyətə gətirilib, yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılıb, yeni baxış qapaqları qoyulub. Ümumilikdə, bərpa işlərinin aparıldığı sahə 6900 kvadratmetr təşkil edir.

Bununla yanaşı, Yasamal rayonu üzrə İnvestisiya proqramına uyğun olaraq təmir işləri General Həmidov küçəsində də aparılır. Belə ki, 340 metr uzunluğa malik küçədə yeni səki daşları düzülür. Təmir işləri aparılan ərazinin ümumi sahəsi 4 min kvadratmetrdir.

Analoji işlər uzunluğu 300 metr olan Molla Pənah Vaqif və 600 metr uzunluğa malik Mirəli Seyidov küçələrində də aparılıb. Qeyd edilən küçələrin 7 min kvadratmetr sahəsi təmir olunub. Aparılan yenidənqurma işləri çərçivəsində küçələr boyu köhnə asfalt-beton örtüyünün bərpası ilə yanaşı, zəruri yerlərdə piyada səkiləri bərpa olunub, səkilərin hərəkət hissəsi asfaltlanıb, təmir işlərinin aparıldığı ərazidə köhnə səki daşları yenisi ilə əvəz edilib. Həmçinin küçələr boyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi də bərpa olunaraq işlək vəziyyətə gətirilib, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulub.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılan işlərin vaxtında və yeni görkəmdə vətəndaşların istifadəsinə verilməsi üçün sözügedən ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib. 2021-ci ilin İnvestisiya Proqramına uyğun olaraq Yasamal rayonu üzrə ümumi uzunluğu 4 kilometr olan 11 küçə və yolda yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.

Qeyd edək ki, ölkə başçısının tapşırığına əsasən, agentlik tərəfindən 2019-2020-ci illər ərzində Yasamal rayonu ərazisində təqribən15 kilometr uzunluğa malik küçə və yol təmir edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.