İQTİSADİYYAT
Yasamal rayonunda General Həmidov küçəsi əsaslı təmir edilir
Bakı, 24 iyun, AZƏRTAC
Paytaxtın Yasamal rayonu ərazisindəki General Həmidov küçəsində təmir-tikinti işləri aparılır.
Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, təmir işləri çərçivəsində 340 metr uzunluğa malik küçəboyu köhnə asfalt-beton örtüyünün yenilənməsi ilə yanaşı, zəruri yerlərdə piyada səkilərinin bərpası, səkilərin hərəkət hissəsinin asfaltlanması, köhnə səki daşlarının yenisi ilə əvəz edilməsi icra olunur. Təmir işləri aparılan ərazinin ümumi sahəsi 4 min kvadratmetr təşkil edir. Bu işlərə paralel olaraq küçədə səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi də bərpa olunaraq işlək vəziyyətə gətirilir, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulur.
Qeyd edək ki, 2021-ci ilin İnvestisiya Proqramına uyğun olaraq Yasamal rayonu üzrə ümumi uzunluğu 4 kilometr olan 11 küçə və yolda yenidənqurma işləri icra olunur.