CƏMİYYƏT
Yasamal rayonunda Novruz bayramı təntənəli şəkildə qeyd olunub VİDEO
Bakı, 21 mart, AZƏRTAC
Yasamal Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Hüseyn Cavid parkında rayon sakinlərinin iştirakı ilə Novruz bayramı təntənəli şəkildə qeyd edilib.
AZƏRTAC xəbər verir ki, Novruz şənliyinə qatılan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov yerli sakinləri təbrik edərək onlarla bayramlaşıb. Bayram şənliyində, həmçinin millət vəkilləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər, Yasamal rayon bələdiyyəsinin və rayon ictimaiyyətinin nümayəndələri fəal iştirak ediblər.
Bayram şənliyində bildirilib ki, xalqımızın gözəl adət-ənənələrini özündə yaşadan bu bayram ənənəvi olaraq xüsusi təmtəraqla, özünəməxsus adət-ənənələrlə qeyd edilir. Novruz bayramının dövlət tərəfindən yüksək səviyyədə qeyd olunması ənənəsi isə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Hazırda bu gözəl ənənə Prezident İlham Əliyev tərəfindən davam etdirilir.
Şən və yaddaqalan bədii proqram ilə çıxış edən incəsənət ustaları şəhərimizin ən gözəl istirahət məkanlarından olan Hüseyn Cavid parkını bayram ovqatı ilə bəzəyiblər. Novruzun əsas simalarından olan Kosa və Keçəlin zarafatları, milli geyimli oğlan və qızların rəqsi və incəsənət xadimlərinin konserti vətəndaşlar tərəfindən xüsusi rəğbətlə qarşılanıb.