CƏMİYYƏT
Yasamal rayonunda ağacların qanunsuz kəsilməsi ilə bağlı cinayət işi başlanıb
Bakı, 29 aprel, AZƏRTAC
Ölkəmizdə ekoloji sağlamlığın yaxşılaşdırılmasına və ətraf mühitin mühafizəsinə yönələn genişmiqyaslı tədbirlərə qanunazidd əməlləri ilə kölgə salan şəxslərə qarşı ardıcıl və təxirəsalınmaz mübarizə tədbirləri davam etdirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsi 150 ünvanında ağacların qanunsuz kəsilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin müraciəti üzrə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.
Aparılmış araşdırmalarla həmin ünvanda yerləşən “Hüseyn Dent” stomatoloji klinikasının həyətində olan və meşə fonduna daxil olmayan ağacların klinikanın
direktoru Hüseyn Abdullayev tərəfindən qanunsuz kəsilməsi nəticəsində dövlətin qanunla qorunan mənafelərinə ümumilikdə 3 min manat məbləğində ziyan vurulmasına əsaslı şübhələr müəyyən olunub.
Faktla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 259.1-ci (meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda) maddəsi ilə cinayət işi başlanıb. İbtidai istintaqın aparılması Yasamal rayon polis idarəsinə həvalə olunub.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.