CƏMİYYƏT
Yasamal rayonunda avtoxuliqanlıq edən sürücü 20 gün müddətinə həbs edilib
Bakı, 17 oktyabr, AZƏRTAC
Yasamal rayonunda avtoxuliqanlıq edən sürücü məhkəmənin qərarı ilə 20 gün müddətinə inzibati qaydada həbs edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Yasamal Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edərək yolda digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradan sürücünü saxlayıblar. Sürücü Elçin Əhmədov 99-GB-678 dövlət nömrə nişanlı “BMW” markalı avtomaşınla Cəfər Cabbarlı küçəsində, həmçinin İnşaatçılar prospektində təhlükəli manevrlər edib. O, avtomobili yüksək sürətlə idarə edərək yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozub. Bunu aşkar edən Yasamal Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları sürücünü müşayiət edərək, təhlükəsizlik qaydalarını qorumaq şərti ilə onu Cəfər Cabbarlı küçəsində saxlaya biliblər. Saxlanılarkən avtomobilin şüşələrini bağlayaraq özünü blogger kimi təqdim edən və yol polisini mobil telefon vasitəsilə videoya çəkməklə hədələyən sürücü Post Patrul Xidməti əməkdaşları tərəfindən avtomobildən çıxarılıb.
Sürücü izahatında həqiqətən də yol hərəkət qaydalarını davamlı şəkildə pozduğunu və avtoxuliqanlıq etdiyini bildirib. Onun barəsində aparılan araşdırma zamanı həmin şəxsin bu ilin on ayı ərzində 27 dəfə qayda pozuntusu törətdiyi, barəsində inzibati protokolların tərtib olunduğu və 18 cərimə balı topladığı məlum olub. Bu səbəbdən sürücü barəsində toplanmış material Yasamal Rayon Məhkəməsinə təqdim olunub. E.Əhmədovun törətdiyi xətalar videogörüntülər vasitəsilə sübuta yetirilib və məhkəmənin qərarı ilə o, 20 gün müddətinə inzibati qaydada həbs edilib. Bundan başqa, onun sürücülük hüququ bir il müddətinə məhdulaşdırılıb.
Yol polisi bütün sürücülərə tövsiyə edərək bu cür əməllərdən çəkinməyi, özlərini və digər hərəkət iştirakçılarını təhlükəyə atmamağı tövsiyə edir.