İQTİSADİYYAT
Yasamal rayonunda cari ilin birinci rübündə 1877 yeni iş yeri açılıb
Bakı, 19 aprel, AZƏRTAC
Yasamal rayonunda 2017-ci ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan rayon icra hakimiyyəti başçısı yanında şuranın iclası keçirilib.
İcra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, iclasda hesabat məruzəsi ilə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev bildirib ki, cari ilin birinci rübündə rayonunun iqtisadi göstəricilərində artım qeydə alınıb. Sənaye məhsulunun ümumi həcmi 41 milyon 300 min, nəqliyyat sektorunda xidmətlərin həcmi 671 milyon manat olub. Statistika Komitəsi Yasamal rayon şöbəsinin verdiyi məlumata görə, hesabat dövründə 1877 yeni iş yeri açılıb. Dövlət büdcəsindən rayonun abadlıq və quruculuq işlərinə 891741 manat, çoxmənzilli 10 yaşayış binasının təmiri üçün 2399617 manat vəsait ayrılıb.
Diqqətə çatdırılıb ki, Bakı şəhərinin Baş Planına əsasən Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən köçürmə və daşınmaz əmlakın sökülməsi işləri davam etdirilir. Burada 8769 ünvanda ölçü işləri aparılıb, 3950 yaşayış və qeyri-yaşayış sahələrinin sahibləri ilə razılaşma əldə edilərək sənədlər alqı-satqı əməliyyatına təqdim olunub və vəsait ödənilib. 3890 daşınmaz əmlak sökülərək ərazi təmizlənib.
Paytaxtımızda təşkil olunacaq IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq məqsədi ilə aidiyyəti qurumlarla birgə rayon ərazisində görülən işlərin icra vəziyyəti barədə məlumat verən İ.Mehdiyev icra hakimiyyətinin üzərinə düşən vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsi ilə bağlı tapşırıqlarını verib.
İclasda digər məruzəçilərin də çıxışları dinlənilib, müzakirələr aparılıb.