İQTİSADİYYAT


Yasamal rayonunda daha bir küçədə təmir işləri icra olunub

Bakı, 10 avqust, AZƏRTAC

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Bakı şəhərinin Yasamal rayonunda Zivərbəy Əhmədbəyov küçəsində təmir işləri icra olunub.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, küçənin uzunluğu 1000 metr, ortalama eni isə 15 metr təşkil edir.

Aparılan işlər çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Ardınca küçə boyu yeni asfalt-beton örtüyünün döşənməsi və zəruri yerlərdə mövcud piyada səkilərin bərpası işləri icra olunub.

Təmir işlərinin son mərhələsində küçə zəruri yol nişanları, üfüqi nişanlanma xətləri ilə təmin olunub. Yaxın günlərdə küçə boyu zəruri yerlərdə piyada zolaqlarının çəkilişi işi də icra olunacaq.

Ardıcıllığa uyğun olaraq, təmir işləri rayon üzrə Tbilisi prospekti və Seyfəddin Dağlı küçəsində də aparılacaq.

Cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Yasamal rayonunda ümumi uzunluğu 6 kilometr təşkil edən 5 küçənin təmiri işləri icra olunur. Bu çərçivədə artıq II Alatavanın 2 kilometr uzunluğa malik daxili yolları və 860 metr uzunluğunda olan Ələsgər Ələkbərov küçəsinin də təmiri yekunlaşıb.

Xatırladaq ki, 2021-ci ildə Yasamal rayonunda ümumi uzunluğu 3.5 kilometr olan küçələrdə təmir işləri aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.