İQTİSADİYYAT
Yasamal rayonunda daha iki küçənin əsaslı şəkildə təmirinə başlanılıb VİDEO
Bakı, 2 avqust, AZƏRTAC
Yasamal rayonunda yenidən qurulan Əsəd Əhmədov küçəsindən sonra Məhəmməd Xiyabani və “A Keçidi” küçələrinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən əsaslı şəkildə təmiri işlərinə başlanılıb.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, hazırda Məhəmməd Xiyabani küçəsinin Bakı Dairəvi-1 avtomobil yolu ilə kəsişməsindən “A Keçidi” küçəsi ilə kəsişməsinədək olan 550 metrlik hissəsi və “A Keçidi” küçəsinin Məhəmməd Xiyabani və Əsəd Əhmədov küçələri arasında yerləşən 400 metrlik hissəsi təmir edilir.
Təmir işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı 6 min kvadratmetr sahədə frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu 22 min kubmetr həcmdə qazılaraq çıxarılır, qazılmış və genişləndirilmiş ərazilərə isə 30 min kubmetrdən çox yararlı material tökülərək kipləşdirmə işləri aparılır.
Bu işlərin ardınca zəruri olan ərazilərdə 5800 kubmetr həcmdə yol əsası inşa ediləcək. Daha sonra həmin ərazilərə əlaqələndirici bitum səpilməklə düzləndirici asfalt-beton qatı döşənəcək. Texnoloji ardıcıllığa uyğun olaraq növbəti mərhələdə küçələrə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənəcək. İri və xırda dənəli olmaqla küçələrin 26 min kvadratmetr sahəsinin asfaltlanması nəzərdə tutulub.
Tikinti norma və qaydalarına uyğun olaraq, 8 yerdə yolun altından 74 metr uzunluğunda 250 millimetrlik ehtiyat borular atılacaq, səth sularının yoldan normal kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi bərpa olunub və zəruri olan yerlərdə yeni sistem qurulacaq. Bunun üçün 7 yerdə 250 millimetr diametrində və 100 metr uzunluğunda borular quraşdırılacaq, 22 ədəd yeni yağış barmaqlıqları, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq 52 ədəd yeni baxış qapaqları qoyulacaq.
Küçələr boyu aparılan bu işlər gələcəkdə suyun yığılmasının qarşısını alacaq və asfalt-beton örtüyün tez bir zamanda sıradan çıxmasını sığortalamış olacaq.
Layihəyə uyğun olaraq, vətəndaşların rahat hərəkətini təmin etmək məqsədilə mövcud piyada səkilərinin bərpası və yenilərinin inşası işləri də görüləcək. Bu məqsədlə hər iki küçədə 4 min metrə yaxın piyada səkiləri qurulacaq, kənarlarına səki daşı düzüləcək.
Asfaltlanma işləri bitən kimi küçələr boyu avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədilə 90 ədəd yol nişanları quraşdırılacaq, yolun üfüqi nişanlama xətləri çəkiləcək.
Həmin ərazidə hərəkətin normallaşmasına xidmət edən yeni və müasir yol infrastrukturunun yaradılması istiqamətində aparılan işlərin qısa müddət ərzində yekunlaşdırılıb vətəndaşların istifadəsinə verilməsi nəzərdə tutulub.