SİYASƏT


Yasamal rayonunda göl ətrafının əvvəlki vəziyyətə gətirilməsi üçün operativ tədbirlər görülür

Bakı, 28 iyul, AZƏRTAC

Bir qədər əvvəl paytaxtın Yasamal rayonunda "Üç Tac" yaşayış kompleksinin yaxınlığında, Həsən bəy Zərdabi və Akim Abbasov küçələrinin kəsişməsindəki gölün ətrafının məişət tullantıları ilə zibillənməsi, hamarlanması və əraziyə xüsusi texnikanın cəlb edilməsi ilə bağlı sakinlər birbaşa Azərbaycan Respublikası Prezidentinə müraciət ünvanlanlayıblar.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciətə baxıldıqdan dərhal sonra Xüsusi Komissiya yaradılaraq araşdırma aparılıb. Həmçinin Bakı Şəhər və Yasamal Rayon İcra Hakimiyyətləri tərəfindən təcili tədbirlər görülərək əraziyə ətraflı baxış keçirilib.

Araşdırma nəticəsində müəyyən edilib ki, sakinlərin müraciəti əsasında ərazinin məişət tullantılarından təmizlənməsi ilə bağlı mülkiyyətçiyə verilən tapşırığın icrası zamanı torpaq və gölün ətrafindakı mövcud balans pozulub və əraziyə ziyan dəyib. Bununla əlaqədar icra strukturları tərəfindən təcili təxirəsalınmaz işlər həyata keçirilib. Mülkiyyətçiyə ərazini öz vəsaiti hesabına əvvəlki vəziyyətə gətirilməsi tapşırılıb və ona ciddi xəbərdarlıq edilib.

Yasamal Rayon İcra Hakimiyyətində “Üç Tac” yaşayış kompleksinin sakinləri ilə görüşdə vətəndaşlar əmin edilib ki, ərazidə gölün qurudulması və tikintinin aparılması nəzərdə tutulmayıb və bu barədə söhbət gedə bilməz.

Hazırda "Üç Tac" yaşayış kompleksinin yaxınlığındakı gölün ətrafındakı ərazinin təmizlənməsi və ilkin vəziyyətə qaytarılması üzrə işlər aparılır. Görülən işlər nəzarətə götürülüb və qısa müddətdə başa çatdırılacaq.

Yaşayış kompleksinin sakinləri məsələyə operativ reaksiya göstərdiyinə görə ölkə rəhbərliyinə xüsusi minnətdarlığını bildirərək şəhər hakimiyyət orqanlarının ərazini ilkin vəziyyətinə qaytarmaq planlarını dəstəklədiklərini qeyd ediblər.

Məsələyə operativ reaksiya verilməsi bir daha sübut edir ki, vətəndaşların müraciətləri ölkə rəhbərliyi tərəfindən hər zaman diqqət mərkəzində saxlanılır və aidiyyəti qurumlar tərəfindən onların həlli üçün müvafiq təxirəsalınmaz tədbirlər həyata keçirilir. Bütün bunlar isə Azərbaycan dövlətinin siyasətinin mərkəzində ölkə vətəndaşlarının rifahı və mənafeyinin dayanmasının bariz nümunəsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.