CƏMİYYƏT
Yasamal rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 95 illiyi qeyd olunub
Bakı, 27 aprel, AZƏRTAC
Yasamal rayonunda yerləşən 1 nömrəli Bakı Tibb Kollecində rayon icra hakimiyyətinin təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, Əməkdar Elm Xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a icra hakimiyyətindən məlumat veriblər.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirib ki, Zərifə xanım Əliyeva müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. O, Ulu Öndərimizə mənəvi dayaq, arxa olub.
İcra başçısı Əziz Əzizov, həmçinin qeyd edib ki, akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Onun elmi fəaliyyəti çox zəngin və əhatəli olub. O, oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparıb, dəyərli elmi-tədqiqat işləri yazıb. Məhz onun fədakarlığı ilə o dövrdə çox geniş yayılmış traxoma və bir sıra göz xəstəlikləri tam müalicə olunaraq demək olar ki, ölkəmizdə tamamilə aradan qaldırılıb.
Sonra 1 nömrəli Bakı Tibb Kollecinin cərrahiyyə fənn komissiyasının sədri Könül Salahova öz məruzəsində həmkarları, yetirmələri, xəstələri arasında böyük hörmət və məhəbbət qazanan Zərifə xanım Əliyevanın həkim fədakarlığı, yüksək vətəndaşlıq mövqeyi, səmimiyyəti və insanlara qayğısı barədə danışıb.
Sonda 1 nömrəli Bakı Tibb Kollecinin idman və müalicə masajı ixtisasında təhsil alan gözdən əlil tələbəsi Mehdiyeva Xanım “Ana” mahnısını ifa edib. Eyni zamanda, Zərifə xanım Əliyevanın ömür yoluna həsr olunan film nümayiş olunub.