İQTİSADİYYAT


Yasamal rayonunda içməli sudan qanunsuz istifadə halları aşkarlanıb

Bakı, 12 oktyabr, AZƏRTAC

“Azərsu” ASC tərəfindən Yasamal rayonunda həyata keçirilən nəzarət tədbirləri nəticəsində sudan qanunsuz və sayğacdankənar istifadə halları aşkarlanıb.

ASC-dən AZƏRTAC-a bildirilib ki, Yasamal rayonu ərazisində sudan ən çox qanunsuz istifadə Məhəmməd Xiyabani küçəsində qeydə alınıb. Burada fəaliyyət göstərən “gecəqondu” tipli kababxanaların böyük əksəriyyəti sudan qanunsuz istifadə edib. Dəfələrlə edilən xəbərdarlıqlara və su təchizatının dayandırılmasına baxmayaraq obyekt sahibləri müxtəlif yollarla sudan qanunsuz istifadəyə çalışırlar.

Yasamal ərazisində aparılan nəzarət tədbirləri nəticəsində Əsəd Əhmədov ünvanında yerləşən “Yadigar” marketdə sudan uçotsuz və sayğacdankənar istifadə halı aşkarlanıb. Məlum olub ki, sahibkar uzun müddətdir obyektin su təchizatını binanın arxa həyətindən gizli çəkilmiş qanunsuz su xətti vasitəsilə həyata keçirir.

Yasamal rayonu Qurban Xəlilov küçəsində yeni tikilməkdə olan beşmərtəbəli yaşayış binasının yaxınlıqdan keçən əhali qrupu xəttinə qeyri-qanuni qoşulduğu aşkarlanıb.

Sudan uçotsuz və qanunsuz istifadə ilə bağlı aşkarlanmış faktlar üzrə akt tərtib edilib və qanunsuz çəkilmiş su xətləri ləğv olunub. Sudan qanunsuz istifadə edən əhalini və sahibkarları bu cür əməllərdən çəkinməyə çağırır və bildiririk ki, belə qanunazidd halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək. Sudan qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanacaq, hüquq-mühafizə orqanlarına müraciət olunacaq. Ümumilikdə cari ilin 9 ayı ərzində sudan qanunsuz istifadə ilə bağlı 183 fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.

Qeyd edək ki, 2021-ci ilin 9 ayında sudan qanunsuz istifadə ilə bağlı “Azərsu” üzrə 12 min 701, Yasamal rayonu üzrə isə 252 fakt aşkarlanıb. Bu hallar üzrə müvafiq olaraq 3 milyon 550 min kubmetr, 94 min kubmetr həcmində sərfiyyat bərpa olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.