CƏMİYYƏT


Yasamal rayonunda qadına xəsarət yetirərək quldurluq edən şəxs tutulub

Bakı, 17 aprel, AZƏRTAC

Xəbər verildiyi kimi, aprelin 8-də gecə saat 3 radələrində naməlum şəxsin Yasamal rayonu ərazisində yaşayan Yelena İvanovanın yaşadığı mənzilə girərək bıçaqla zor tətbiq etməklə əmlakını ələ keçirməsi barədə rayon prokurorluğuna və polis idarəsinə məlumat daxil olub.

Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin AZƏRTAC-a daxil olan birgə məlumatına görə, ilkin araşdırmalarla müəyyən edilib ki, naməlum şəxs Yelena İvanovanın yaşadığı mənzilə qanunsuz daxil olaraq silah qismində istifadə olunan bıçaq tətbiq edərək onun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın etməklə quldurluq edib. Həmin şəxs ev sahibəsinin kənar şəxsləri köməyə çağırmasının, eləcə də hüquq-mühafizə orqanlarına məlumat verməsinin qarşısını almaq və qabaqcadan planlaşdırdığı cinayətkar məqsədinə nail olmaq üçün əli ilə onun sifət nahiyəsinə bir neçə zərbə vurub, bıçaqla qol nahiyəsinə xəsarət yetirib və pul vəsaitini ələ keçirərək hadisə yerindən qaçıb.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3-cü və 181.2.5-ci (quldurluq) maddələri ilə cinayət işi başlanıb.

Cinayət hadisəsini törədənin şəxsiyyətinin müəyyən olunaraq tutulması istiqamətində prokurorluq və polis əməkdaşları tərəfindən istintaq-əməliyyat tədbirləri həyata keçirilib. Nəticədə cinayət əməlinin Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Namiq Bayramov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.