CƏMİYYƏT
Yasamal rayonunda yanan binadan dörd sakin xilas edilib VİDEO
Bakı, 27 yanvar, AZƏRTAC
Yasamal rayonundakı ümumi həyət tipli, taxta konstruksiyalardan ibarət, bir tərəfi ikimərtəbəli, digər tərəfi isə üçmərtəbəli olan binada baş verən yanğın zamanı yanğınsöndürənlər tərəfindən dörd sakin xilas edilib. Dağıntı altında qalan bir qadının cəsədi aşkarlanıb.
AZƏRTAC xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qərargahının rəisi Əkbər Novruzov yanvarın 27-də paytaxtın Yasamal rayonunun Həzi Aslanov küçəsində yerləşən binada baş verən yanğınla əlaqədar jurnalistlərə müsahibəsində deyib.
Ə.Novruzov bildirib ki, yanğın haqda məlumat saat 17 radələrində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinə daxil olub. Ərazi üzrə Yasamal rayon Dövlət Yanğından Mühafizə hissəsinin yanğın bölmələri dərhal hadisə yerinə gedib. Yanğının mürəkkəbliyi nəzərə alınaraq 2 dərəcəli çağırış elan olunub. Bakı qarnizonunun qüvvə və vasitələri də hadisə yerinə cəlb edilib. Alovla mübarizədə 13 yanğınsöndürmə avtomobili, 90-a yaxın şəxsi heyət iştirak edib. Yanğın 35-40 dəqiqə ərzində söndürülüb. Hazırda konstruksiyaların sökülməsi işləri aparılır.
Yanğın zamanı xəsarət alan qadın Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Hadisənin səbəbləri ilə bağlı aidiyyəti qurumlar tərəfindən təhqiqat aparılır. İlkin araşdırmalara görə, binanın pilləkən qəfəsləri taxta konstruksiyalı olduğundan yanğın qısa müddətdə mənzillərə yayılıb. Yanan binadan çıxa bilməyən sakinlər yanğınsöndürənlər tərəfindən xilas edilib.