İQTİSADİYYAT
Yasamal rayonunda yeni bağlantı yolu tikilir VİDEO
Bakı, 21 yanvar, AZƏRTAC
Yasamal rayonu ərazisində yeni bağlantı yolunun tikintisi işləri aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, söhbət Bakı Dairəvi avtomobil yolunu Yeni Yasamal yaşayış massivi ilə, daha dəqiqi Dadaş Bünyadzadə küçəsi ilə birləşdirən yeni bağlantı yolundan gedir. Tikintisi sürətlə aparılan yeni yolun uzunluğu 1,2 kilometrdir. Yol 2 hərəkət zolaqlı olmaqla inşa edilir. Yol yatağının eni 10 metr, hərəkət hissəsinin eni isə 6 metrdir.
Tikinti layihəsinə uyğun olaraq 700 metrlik ərazidə yeni yol yatağı inşa olunub, yolun profilə salınması üçün müvafiq işlər görülüb. Daha sonra layihədə nəzərdə tutulmuş qalınlıqda yol əsası salınıb. Buraya optimal tərkibli qum-çınqıl qarışığından alt və qum-qırmadaş qarışığından üst layının inşası işləri aparılıb.
Tikinti norma və standartlarına uyğun olaraq, növbəti mərhələdə 2 laydan ibarət asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb ki, bu işlər də sürətlə davam etdirilir. Yolun qalan 500 metrlik hissəsində də mövcud örtüyün sökülərək yenisi ilə əvəzlənməsi nəzərdə tutulur.
Bundan başqa, yeni yolun kənarı ilə vətəndaşların normal və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə hər bir istiqamət üzrə 1,8 metr enində yeni piyada səkiləri inşa edilir, kənarlarına 3500 poqonmetr yeni səki daşı düzülür.
Yeni yolun inşası ilə Bakı Dairəvi avtomobil yolunun Yeni Yasamal yaşayış massivi ilə əlavə olaraq daha bir yeni bağlantısı yaradılacaq. Nəticədə sürücülərin Yeni Yasamal yaşayış massivinə daxil olması zamanı, xüsusən günün pik saatlarında Bakı Dairəvi avtomobil yolunun yaşayış massivinə gedən hissəsində yaşanan sıxlıq və tıxac xeyli dərəcədə azalacaq. Bu isə öz növbəsində sürücülərin əlavə yol qət etmədən və vaxt itkisi olmadan ünvan başına çatmasına şərait yaradacaq.
Layihənin sonuncu mərhələsində 4 nöqtədə cibli avtobus dayanacağının yaradılması, yolboyu yol nişanları və göstərici lövhələr quraşdırılması, yolun üfüqi nişanlanma xətlərinin çəkilməsi, həmçinin işıqlandırma sisteminin yaradılması nəzərdə tutulub.
Yeni yol bağlantısının yaradılması üçün aparılan tikinti işlərinin yaxın aylarda yekunlaşdırılması planlaşdırılır.