İQTİSADİYYAT


Yasamal rayonunda yeni yol infrastrukturu yaradılır

Bakı, 2 oktyabr, AZƏRTAC 

Paytaxtın Yasamal rayonu ərazisində, Şəfayət Mehdiyev küçəsinin Hüseyn Cavid parkına çıxışını təmin etmək məqsədilə uzunluğu 800 metr olan və Əbdürrəhim bəy Haqverdiyev küçəsindən Landau küçəsinə qədər uzanan hissəsində yenidənqurma işləri davam edir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, “Azəryolelmitədqiqatlayihə” İnstitutunun hazırladığı layihəyə əsasən, əvvəllər eni 6-7 metr olan küçə genişləndirilərək hərəkət hissəsinin eni 18 metrə çatdırılır. Bu səbəbdən tikinti altına düşən yaşayış və qeyri-yaşayış obyektlərinin qanunvericiliyə əsasən nəzərdə tutulmuş məbləğdə kompensasiya ödənilməklə söküntüsü aparılır. Küçəyə 3 laydan ibarət yeni asfalt-beton örtüyü döşənir. Həmçinin vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün 2-4 metr enində yeni piyada səkiləri inşa olunur.

Daha sonra avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi məqsədilə zəruri yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə sözügedən ərazidə yeni və müasir yol infrastrukturu yaradılacaq.

Yenidənqurma işləri yekunlaşdıqdan sonra Tbilisi prospekti, istərsə də Hüseyn Cavid parkı tərəfdən hərəkətdə olan avtonəqliyyat vasitələri Hüseyn Cavid prospektinə daxil olmadan Şəfayət Mehdiyev küçəsinin Əbdürrəhim bəy Haqverdiyev və Landau küçələri arasında yerləşən hissəsindən istifadə etməklə rahat və maneəsiz şəkildə hərəkətlərinə davam edə biləcəklər. Bu isə öz növbəsində Hüseyn Cavid prospektinin metronun “Elmlər Akademiyası” stansiyası qarşısından keçən hissəsində sıxlığın azalmasına səbəb olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.