CƏMİYYƏT
Yasamal rayonunda yetkinlik yaşına çatmamış gənclərlə bağlı görülən işlər müzakirə edilib
Bakı, 7 dekabr, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) və Yasamal Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası” haqqında Azərbaycan Respublikasının Qanunundan irəli gələn vəzifələrin icrası üzrə görülən işlərin vəziyyəti haqqında maarifləndirmə tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə narkomanlığa və narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın məsul katibi Zöhrab Cəfərov çıxış edərək son illərdə Yasamal rayonunda yetkinlik yaşına çatmamış gənclərlə bağlı görülən işlər barədə danışıb. O, çıxışında bu məsələdə hər bir ailədə doğru təbliğatın aparılmasının vacibliyini qeyd edib.
Sonra DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin yetkinlik yaşına çatmayanların profilaktik işinin təşkili şöbəsinin baş inspektoru Əkbər Əkbərov yetkinlik yaşına çatmayanların hüquqlarının təminində daxili işlər orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə onların təhsil müəssisələri və ictimaiyyətlə qarşılıqlı əlaqəsinin daha da genişləndirilməsinin əhəmiyyət kəsb etdiyini bildirib. O, Qanundan irəli gələn vəzifələrin icrası üzrə görülən işlərin vəziyyətindən, yetkinlik yaşına çatmayanların cinayətə meylinin fəsadları və onların məruz qaldıqları zorakılıqdan müdafiəsindən, təhsildən yayınmalarının, habelə onlar arasında avaralıq və dilənçilik hallarının qarşısının alınmasında daxili işlər orqanlarının rolundan danışıb.
Yasamal Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsinin rəisi Anar Süleymanov tədbir iştirakçılarına dini radikalizmin zərərli təsirləri haqqında məlumat verib. Narkoloq həkim Elçin Haqverdiyev yeniyetmə və gənclər arasında antinarkotik təbliğatın aparılması məqsədilə “Narkotiklər haqqında nə bilirik?” mövzusunda narkotikin törətdiyi silinməz fəsadlar haqqında yeniyetmələri maarifləndirib.
Tədbirdə, həmçinin Yasamal Rayon Qeydiyyat Şöbəsinin müdiri İlahə Ələsgərova “Yetkinlik yaşına çatmayanların erkən nikahlara məruz qalmalarına qarşı mübarizədə gənclərin fəallığının artırılması” mövzusunda çıxış edib.
Sonra DİN-in hazırladığı videoçarx nümayiş olunub.