CƏMİYYƏT
Yasamal rayonundakı qurumuş ağaclar yeniləri ilə əvəz olunub
Bakı, 6 dekabr, AZƏRTAC
Ölkə başçısının yeni yaşıllıqların salınması ilə bağlı verdiyi tövsiyə və göstərişlərə uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ağacəkmə aksiyaları keçirir. Növbəti belə kampaniya bu gün paytaxtın Yasamal rayonunda, Akim Abbasov küçəsində təşkil olunub. Aksiyada vətəndaşlar, ictimaiyyət nümayəndələri, yerli icra hakimiyyətlərinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, kampaniyada iştirak edən ETSN-in əməkdaşı Faiq Mütəllimov burada 9 qurumuş və təhlükə törədən ağacın yerinə 55-ə yaxın tingin əkildiyini deyib.
O, həmçinin bildirib: “Artıq noyabrın 21-dən rayon icra hakimiyyətləri ilə birgə ağacəkmə aksiyalarına başlanılıb. Bu günədək keçirilmiş kampaniyalar çərçivəsində, ümumilikdə, 130-dan çox qurumuş və təhlükə yaradan ağacların əvəzinə 1800-ə yaxın müxtəlifcinsli ting əkilib. Kampaniyaların təşkilində əsas məqsəd Bakı şəhərində yeni yaşıllıqların salınması, onun estetik görünüşünün daha da gözəlləşdirilməsi, qurumuş və təhlükə törədən ağacların yerinə yenilərinin əkilməsidir. Aksiyalarda fəal iştirak edən hər kəsə təşəkkürümüzü bildiririk. Həmçinin vətəndaşlardan qurumuş və təhlükə yaradan ağaclarla bağlı nazirliyin 168 nömrəli “Qaynar xətt”inə məlumat vermələrini xahiş edirik”.