CƏMİYYƏT
Yasamal və Nəsimi rayonlarında evlərdən qızıl-zinət, məişət və geyim əşyaları oğurlanıb
Bakı, 20 noyabr, AZƏRTAC
Yasamal və Nəsimi rayonlarında evlərdən oğurluq edən şəxslər tutulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Yasamal rayonu ərazisindəki evlərin birindən 15 min manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Rzayev rayon polis idarəsinin 28-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Nəsimi rayonu ərazisindəki evlərin birindən 75 min rubl (1700 manat), sənəd, 1100 manat dəyərində məişət və geyim əşyaları oğurlamaqda şübhəli bilinən paytaxt sakini M.Akinfiyev Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb.
Hər iki faktla bağlı rayon polis idarələri tərəfindən təhqiqat davam edir.