İDMAN
Yaşar Bəşirov: Azərbaycan karateçiləri Tokio Olimpiadasına lisenziya uğrunda inamla mübarizə aparacaqlar
Bakı, 19 sentyabr, AZƏRTAC
Azərbaycan karateçiləri “Tokio 2020” XXXII Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq uğrunda əzmlə mübarizə aparacaqlar.
Bunu Azərbaycan Karate Federasiyasının prezidenti Yaşar Bəşirov AZƏRTAC-a müsahibəsində deyib.
Karateçilərin “Tokio 2020” ilə bağlı hədəflərindən danışan Y.Bəşirov deyib: “Lisenziya yarışları artıq başlayıb. Karateçilərimiz gələn il Parisdə keçiriləcək sonuncu lisenziya xarakterli yarışda iştirak edəcəklər. Bu turnirdə ilk üç yeri qazanan idmançılar 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya əldə edəcəklər. Bildiyiniz kimi, Rafael Ağayev dünya reytinqində dördüncü, İrina Zaretska isə ikinci pillədə qərarlaşdığı üçün ən yüksək şansa malikdirlər. Roman Heydərov da çimərlik oyunlarında iştirak etdiyi üçün xal qazanmaq şansı olacaq. İdmançılarımız, həmçinin Bakıda keçiriləcək Avropa çempionatında da reytinq xalı qazana biləcəklər”.
Federasiya prezidenti Azərbaycanın 2-4 idmançısının Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanacağına ümidvar olduğunu bildirib.