İDMAN


Yaşar Bəşirov: Karate üzrə açıq Bakı turnirində 14 ölkədən 1200-dən çox idmançı iştirak edir

Bakı, 14 mart, Leyla Qurbanova, AZƏRTAC

Bu gün start götürən X “Baku Open” beynəlxalq karate turnirində 14 ölkədən 1200-dən çox idmançı qüvvəsini sınayır. Turnir Azərbaycan Milli Karate Federasiyasının yaranmasının 25 illik yubileyinə həsr olunub. Həmçinin bu yarış 2020-ci ildə Bakıda keçiriləcək böyüklərin 55-ci Avropa çempionatının təşkili üçün sınaq xarakteri daşıyır. Qeyd edim ki, paytaxtımızda təşkil olunacaq qitə çempionatı Tokio Olimpiadasına sonuncu lisenziya yarışı olduğu üçün böyük əhəmiyyət daşıyır.

Bu sözləri Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov AZƏRTAC-a eksklüziv müsahibəsində deyib.

Y.Bəşirov qeyd edib ki, yarışlar yüksək səviyyədə davam edir. Bu gün fərdi kata və kumite üzrə yarışın birinci günündə böyüklər və 35 yaşdan yuxarı veteranlar mübarizə aparırlar. Daha sonra 16-17 yaşlı və 21 yaşadək gənclər, 14-15 yaşlı yeniyetmələr, 6-13 yaşadək uşaqlar qüvvələrini sınayacaqlar. Turnir dörd gün davam edəcək. Ümid edirəm ki, digər analoji yarışlar kimi yubiley açıq Bakı turniri də yüksək səviyyədə başa çatacaq.

Beynəlxalq turnir çərçivəsində bir sıra tədbirlərin də təşkil olunduğunu vurğulayan AMKF-nin prezidenti deyib: “Ötən gün Dünya Karate Federasiyasının (WKF) hakimlər komitəsinin üzvü və Avropa Karate Federasiyasının (EKF) hakimlər komitəsinin sədri Alois Viesboek milli hakimlər, məşqçilər və əsas komandanın üzvləri üçün seminar keçiriblər. Seminarda WKF və EKF-nin hakimlər komitəsinin üzvü Uğur Kobaş da iştirak edib”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.