CƏMİYYƏT
Yaşayış yerini qanunsuz tərk edən koronavirus xəstələri saxlanılıblar VİDEO
Bakı, 28 noyabr, AZƏRTAC
Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində ev şəraitində müalicə alan koronavirus xəstəsi - Xırdalan şəhərində yaşayan Elnarə Hüseynova saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə,
araşdırma zamanı müəyyənləşdirilib ki, aktiv COVID-19 virusunun daşıyıcısı olan bu şəxs karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib. Onun evini tərk edərək aptekə getməsi isə kameralar tərəfindən lentə alınıb. Müəyyənləşdirilmiş tibbi prosedurlar gözlənilməklə E.Hüseynova yaşadığı evə qaytarılıb. Onun barəsində toplanan materiallar rayon polis idarəsinin istintaq şöbəsinə göndərilib. E.Hüseynova barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb.
Oxşar tədbir Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən də həyata keçirilib.
Belə ki, Xətai rayonunun M.Hadi küçəsində yaşayan və aktiv koronavirus xəstəsi olan Faiq Hüseynova həkimlər tərəfindən ev şəraitində müalicə təyin edilib. Bu şəxs isə qaydaları pozaraq ictimaiyyət arasına çıxıb və virusun daha çox yayılmasına şərait yaratdığı üçün polislər tərəfindən saxlanılıb. Faiq Hüseynov barəsində rayon polis idarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.