REGİONLAR
Yaşı az, hünəri böyük şəhidim
Ağdam, 29 aprel, AZƏRTAC
Ağdam rayon Heydər Əliyev Mərkəzinin və Ağdam rayon Mədəniyyət Mərkəzinin tabeliyində olan Qaradağlı kənd Mədəniyyət evinin birgə təşkilatçılığı ilə İkinci Qarabağ müharibəsi iştirakçısı şəhid Elvin İsizadə Azim oğluna həsr olunmuş "Yaşı az, hünəri böyük şəhidim" adlı onlayn tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mədəniyyət işçilərinin və şəhidin ailə üzvlərinin iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Ağdam Rayon Heydər Əliyev Mərkəzinin fond müdiri Elçin Cəfərov, Qaradağlı kənd mədəniyyət evinin direktoru Zənurə Mirzəyeva, Zəngişalı kənd mədəniyyət evinin direktoru Fikrət Əliyev, şəhidin anası Gülbəniz Quliyeva və başqaları çıxış edərək, Azərbaycan Ordusunun 44 günlük müharibədə şücaətindən, Elvin İsizadənin qısa, lakin mənalı həyat və döyüş yolundan danışıblar. Bildirilib ki, Ağdam rayonunun Qaradağlı kəndindən olan şəhid İsizadə Elvin Azim oğlu musiqiçi idi. Asəf Zeynallı adına musiqi kollecində təhsil alan Elvin sevimli tarını silaha dəyişərək haqq savaşına qoşulub. Vətən müharibəsində Füzuli, Xocavənd, Cəbrayıl, Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak edib. Sərrast atıcı kimi düşmənə sarsıdıcı zərbələr endirib. Arzusu cəbhədən qayıtdıqdan sonra konservatoriyada oxumaq, tar ifaçılığı üzrə tanınmış şəxs olmaq idi. Bütün arzularını, həmçinin canını Vətənə qurban verən gənc musiqiçi oktyabrın 26-da Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub.
Elvin İsizadə Vətən müharibəsində göstərdiyi şücaətə görə ölümündən sonra “Vətən uğrunda” və "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhidin anası Gülbəniz Quliyeva oğlu ilə bağlı xatirələrindən danışıb, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.