MƏDƏNİYYƏT
“Yaşıl İncəsənət” üçüncü rəsm sərgi-müsabiqəsinə yekun vurulub VİDEO
Bakı, 1 fevral, AZƏRTAC
“ASAN Könüllülük” Məktəbinin “Yaşıl ASAN” proqramı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının təşkilati, “ITOCHU oil” şirkətinin maliyyə dəstəyi ilə iqlim dəyişikliyinə qarşı mübarizəyə həsr edilmiş “Yaşıl İncəsənət” üçüncü rəsm sərgi-müsabiqəsinin bağlanış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, müsabiqənin məqsədi iqlim dəyişikliyi ilə mübarizə aparmaq, təsirlərin azaldılması üçün tədbirlər həyata keçirmək və ona uyğunlaşmaq yolunda zəruri addımların atılmasıdır.
Tədbirdə çıxış edən müsabiqənin təşkilatçısı Səkinə Həsənova sərgi haqqında məlumat verib. Bildirib ki, müasir incəsənətdə mənzərə və natürmort janrlarının rolunu və əhəmiyyətini artırmaq, gənc nəslin ətraf mühitin mühafizəsinə, Azərbaycanın relikt flora və fauna nümunələri və təbiət qoruqlarının bənzərsiz gözəlliklərinə maraq və diqqətini cəlb etmək əsas hədəflərdir.
Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov dünyada qlobal dəyişikliklər baş verdiyini və onun qarşısını almaq üçün bir sıra layihələrin həyata keçirildiyini söyləyib. Qeyd edib ki, müsabiqədə iştirak edən rəssamlar öz əsərlərində qlobal istiləşməni gördükləri kimi təsvir etməyə çalışıblar.
“ITOCHU oil”ın nümayəndəsi şirkətin Azərbaycanda həyata keçirdiyi layihələrdən danışıb və bunlardan birinin də günəş elektrik stansiyasının tikilişi ilə bağlı olduğunu deyib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib ki, ətraf mühitin qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və ölkə başçısı İlham Əliyevin diqqət mərkəzindədir: “Problemlərdən biri də içməli suyun qənaət edilməsidir və bununla bağlı addımlar atılır. Digər məsələlərdən biri meşə zonasının bərpasıdır. Ötən il “Nəsimi ili” çərçivəsində bir gündə 650 min ağac əkilib. Bu xalqımızın təbiətə verdiyi töhfədir”.
Sonra müsabiqənin qalibləri elan olunub. Birinci yeri Ceyhun Əliyev, ikinci yeri Ləman Qurbanova, üçüncü yer isə Röyalə Abbasova qazanıb. Qaliblər diplom və pul mükafatı ilə təltif olunub.
Qeyd edək ki, sərgidə 104 rəssamın əl işi sərgilənib.