CƏMİYYƏT
“Yaşıl Marafon” kampaniyası çərçivəsində kütləvi ağacəkmə aksiyaları keçirilib
Bakı, 24 dekabr, AZƏRTAC
Dekabrın 24-də IDEA İctimai Birliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyin tərəfindən birgə həyata keçirilən “Yaşıl Marafon” kampaniyası çərçivəsində genişmiqyaslı ağacəkmə aksiyaları təşkil olunub.
AZƏRTAC xəbər verir ki, gənc könüllülərin iştirakı ilə Bakının Xocasən və Müşfiqabad qəsəbələrində keçirilən aksiyalar zamanı ümumilikdə 4 hektar ərazidə Abşeron yarımadasının iqlim şəraitinə uyğun 3 mindən çox Eldar şamı, zeytun, Şərq çinarı ağacları və oleandr kolları əkilib.
Layihənin əsas məqsədi yarana biləcək təhlükələrin yaşıllıq sahələrinin artırılması ilə qarşısını almaq, ağac əkilməsini təşviq edərək ətraf mühitin mühafizəsinə, o cümlədən ölkəmizin flora biomüxtəlifliyinin artırılmasına, yaşıllıqların qorunmasında maarifləndirilmə işinə töhfə verməkdən ibarətdir.
Kütləvi ağacəkmələr, eyni zamanda, iqlim dəyişikliyinə səbəb olan istixana qazı tullantılarının azaldılması ilə bağlı qlobal fəaliyyətlərə dəstək xarakteri daşıyır.
Ölkəmizdə yaşıllıqların mühafizəsi və artırılması səylərini bundan sonra da davam etdirmək niyyətində olan IDEA İctimai Birliyi öz tərəfdaşları ilə birgə ictimaiyyəti planetimizin mühafizəsi ilə bağlı mübarizədə, ətraf mühit naminə görülən tədbirlərdə aktiv iştirak etməyə çağırır.