ELM VƏ TƏHSİL


“Yaşıl dalğa” ekoloji hərəkatına AMEA Botanika İnstitutu dəstək verib

Bak, 10 oktyabr, AZƏRTAC

Oktyabrın 10-da Dənizkənarı Milli Parkda “Sərhədsiz diplomatiya” Beynəlxalq Uşaq Diplomatiyası Mərkəzinin fəaliyyəti çərçivəsində Bakı Avropa Liseyinin təşəbbüsü, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutu və Mərkəzi Nəbatat Bağının, həmçinin Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə “Yaşıl dalğa” ekoloji hərəkatının ilk aksiyası keçirilib.

Botanika İnstitutundan AZƏRTAC-a bildirilib ki, 6 oktyabr - Dünya Yaşayış Məskənlərinin Müdafiəsi Gününə həsr olunmuş ekoloji aksiyanın diqqət mərkəzində Azərbaycanın endem bitkilərinin qorunması durur. Tədbirdə Bakı Avropa Liseyinin, Müasir Təhsil Kompleksinin, paytaxtın 6 və 132-134 nömrəli məktəblərinin şagirdləri iştirak ediblər.

Aksiyanın məqsədi dünya ictimaiyyətinin, xüsusilə bəşəriyyətin gələcək inkişafının qayğısına qalacaq gənc nəslin diqqətini ətraf aləmin bugünkü problemlərinə cəlb etməkdir.

Aksiya üç hissədən ibarət olub. AMEA-nın Botanika İnstitutunun sistematika və biomüxtəliflik şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Rəşad Səlimov şagirdlərə Azərbaycan endemləri barədə interaktiv mühazirə keçib. O, insanların təbiətə nəzarətsiz müdaxiləsinin yüzlərlə bitki və heyvan növünün məhvinə gətirib çıxardığını məktəblilərin diqqətinə çatdırıb.

Sonda uşaqların adları yazılmış bəzi endem bitkilərin toxumları təqdim edilib və onlara bu bitkilərə Novruz bayramınadək öz evlərində necə qulluq edəcəkləri və sonradan əkəcəkləri haqqında məlumat verilib. Aksiya iştirakçılarının bir hissəsi Azərbaycanın “Qırmızı Kitabı”na daxil edilmiş və digər endem bitkilərin (dəmirağacı, Lənkəran akasiyası, nar ağacı, şabalıdyarpaq palıd, sərv ağacı, Eldar şamı) tinglərini mütəxəssislərlə birgə Dənizkənarı Milli Parkda xüsusi ayrılmış sahədə əkiblər. Qeyd edilən bütün bitkilər və tinglər AMEA-nın Mərkəzi Nəbatat Bağının hədiyyəsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.