İQTİSADİYYAT
“Yaşıl dəhliz” sisteminin tətbiqi ilə bağlı 24 saat fəaliyyət göstərən işçi qrup yaradılıb
Bakı, 7 mart, AZƏRTAC
“Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqi ilə bağlı 24 saat fəaliyyət göstərən işçi qrup yaradılıb.
Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, martın 7-də komitədə “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə etmək hüququ əldə edən və bu hüququn əldə olunması üçün müraciət ünvanlayan sahibkarlarla görüş keçirilib.
Görüşdə DGK sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov, komitə sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, baş idarə rəisləri, aidiyyəti qurumların rəhbərləri, Beynəlxalq Maliyyə Korporasiyası və Dünya Bankının nümayəndələri, sahibkarlar iştirak edib.
Komitə sədrinin birinci müavini İ.Hüseynov bildirib ki, Prezident İlham Əliyevin “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”nın təsdiq edilməsi haqqında 2018-ci il 21 dekabr tarixli Fərmanı idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi, şəffaflığın təmin olunması, münbit biznes mühitinin yaradılması, könüllü riayət prinsipinin formalaşdırılması, ölkəmizin ixrac potensialının artırılması istiqamətində həyata keçirilən ən mühüm addımlardan biridir.
İ.Hüseynov vurğulayıb ki, görüşün məqsədi də həmin Fərmana əsasən, bu il fevralın 1-dən tətbiq edilən “Yaşıl dəhliz” sistemi ilə bağlı bir daha sahibkarları məlumatlandırmaq, qanunvericilik və texniki yeniliklərə dair sualları cavablandırmaq, sistemin faydaları və tətbiqi ilə bağlı fikir mübadiləsi aparmaqdır.
Qeyd edilib ki, “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqi ilə bağlı 24 saat fəaliyyət göstərən işçi qrup yaradılıb və biznes subyektlərini maraqlandıran məsələlər dərhal araşdırılaraq cavablandırılması təmin edilir. Sistemdən istifadə hüququnun əldə edilməsi məqsədilə 500-dən çox müraciət qəbul edilib və onlardan 200-dən çoxu müsbət cavablandırılıb.
Komitə sədrinin birinci müavini “Yaşıl dəhliz” və gömrük sahəsində tətbiq edilən digər layihə və tətbiqlərin sahibkarlarla qarşılıqlı dialoq şəklində keçirilən görüşlərdə fikir mübadiləsi nəticəsində daha da təkmilləşəcəyini bildirib, bu görüşlərin mütəmadi şəkildə təşkil ediləcəyini diqqətə çatdırıb.
Görüşdə komitənin mütəxəssisləri “Yaşıl dəhliz” sistemi, elektron mühitdə bu sistemdən istifadə qaydaları və digər məsələlərlə bağlı təqdimatlarla çıxış edib.
Sonda yeni layihə ilə bağlı fikir mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib, sahibkarların sualları cavablandırılıb.