İQTİSADİYYAT


“Yaşıl enerji”: Ərəb ölkələri bərpaolunan enerji istehsalına böyük sərmayələr qoyur

Qahirə, 16 aprel, AZƏRTAC

AZƏRTAC-ın “Yaşıl enerji” layihəsi çərçivəsində növbəti materialı karbohidrogen ehtiyatları ilə zəngin ərəb ölkələrində - Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Misirdə bərpa olunan enerji sahəsində görülən işlərdən və gələcək planlardan bəhs edir.

Dünyanın ən böyük xam neft istehsalçısı olan Səudiyyə Ərəbistanı (gündəlik 10,2 milyon barel) 2030-cu ilədək ölkədə istehlak edilən elektrik enerjisinin 50 faizini bərpaolunan enerji mənbələri hesabına təmin edəcək.

Ölkədə bərpa olunan enerji layihələri üç istiqamətdə həyata keçirilir. Bunlar, su və enerji layihələri, həmçinin yaşıl hidrogen istehsalıdır. Bu sahələrdə ixtisaslaşmış əsas şirkət Azərbaycan Energetika Nazirliyi ilə də yaxından əməkdaşlıq edən “ACWA Power”dir. Dövlət kapitalı əsasında fəaliyyət göstərən bu şirkət cari ildə ABŞ-ın NEOM korporasiyası ilə yaşıl hidrogen enerjisi istehsal edəcək təsisin inşasına dair 5 milyard dollarlıq kontrakt imzalayıb.

Səudiyyə Ərəbistanında bərpaolunan enerji layihələri üç istiqamətdə həyata keçirilir. Bunlar, su və günəş enerji layihələri, həmçinin yaşıl hidrogen istehsalıdır. Bu sahələr üzrə ixtisaslaşmış məşhur “ACWA Power” şirkəti Azərbaycan Energetika Nazirliyi ilə də əməkdaşlıq edir. Dövlət kapitalı əsasında fəaliyyət göstərən şirkət ABŞ-ın NEOM korporasiyası ilə yaşıl hidrogen enerjisi istehsal edəcək obyektin inşasına dair 5 milyard dollarlıq kontrakt imzalayıb.

Yeri gəlmişkən, Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti bu ilin yanvarında Azərbaycanda 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının tikintisinə start verib.

Krallıqda Bərpa olunan Milli Enerji Proqramı (NREP) üç mərhələdə icra olunur. 2017-ci ildən bəri həyata keçirilən birinci mərhələdə Sakaka əyalətindəki AL Cuf ərazisində 300 meqavat gücündə günəş fotovoltaik (PV) stansiyası istifadəyə verilib. Bundan başqa, 2018-ci ildə 400 meqavat gücündə Dumat Al Candal külək elektrik stansiyası inşa edilib.

NREP-in ikinci mərhələsi 2020-ci ildən həyata keçirilib. Bu çərçivədə Səudiyyə Ərəbistanının Bərpaolunan Enerji Layihələri Ofisi (REPDO) 8700 meqavatlıq günəş enerjisi stansiyaları layihəsini reallaşdırıb. Bu stansiyalar Ciddə, Rabiğ və Qurayatda inşa olunub. REPDO bərpaolunan enerji layihələrinin ikinci mərhələsində bu yaxınlarda Azərbaycanda Qaradağ günəş elektrik stansiyasının təməlini qoyan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar”, Fransanın EDF və yerli “Nesma” şirkətlərinin iştirakı ilə beynəlxalq konsorsium yaradıb.

Proqramın üçüncü mərhələsinə ötən il başlanıb. Səudiyyə Ərəbistanı Statistika İdarəsinin məlumatına görə, bu mərhələ çərçivəsində 2024-cü ildə 15,1 TWh həcmində bərpaolunan enerji istehsal edilməsi nəzərdə tutulur. Bu, 692 min 557 evi elektrik enerjisi ilə təmin etməyə imkan verir. Üçüncü mərhələdə, həmçinin 4870 MW gücündə enerji istehsalına imkan verən 13 layihə həyata keçiriləcək ki, bunun da 91 faizini günəş enerjisi təşkil edəcək.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu və tərəfdaşları 2017-ci ildən bəri NREP proqramına 120 milyard dollar həcmində sərmayə qoyublar. Yaxın üç il ərzində həyata keçiriləcək layihələr üçün daha 101 milyard dollar vəsait xərclənəcək. Cari ildə isə Sudayrdə həyata keçirilən ən böyük - 1,5 GW gücündə günəş elektrik stansiyasının birinci növbəsi istifadəyə veriləcək. Krallığın karbohidrogen ehtiyatları və xam neft hasilatı üzrə nəhəng şirkətinin - “Aramco”nun da payçı olduğu bu layihəyə 905 milyon dollar sərmayə ayrılıb.

Ər-Riyadda fəaliyyət göstərən “yaşıl” enerji mənbələri üzrə ekspert Rudolfo Estimonun sözlərinə görə, Səudiyyə Ərəbistanı BMT İqlim Sammitinin 2060-cı ilədək sıfır karbon qazı emissiyası proqramına liderlik etmək iddiasındadır və krallığın bu məqsədə çatmaq üçün böyük imkanları var.

Daha bir ekspert – Məhəmməd Əl Çələbi iki böyük neft istehsalçısı - Səudiyyə Ərəbistanı və BƏƏ-nin neft gəlirlərini bərpaolunan enerji istehsalına yönəltmək siyasətini qlobal enerji təhlükəsizliyi baxımından əhəmiyyətli addım adlandırıb. “Son illərdə qlobal neft bazarında baş verən təlatümlər göstərdi ki, alternativ enerji mənbələrindən istifadə labüd olacaq və artıq bu sahəyə qoyulan investisiyalar özünü doğruldur”, - deyə ekspert bildirir.

“Yaşıl” enerji sahəsində Səudiyyə Ərəbistanı ilə yarışan BƏƏ 2030-cu ilədək enerjinin 30 faizini bərpa olunan mənbələr hesabına istehsal etməyi planlaşdırır. Ölkədə alternativ enerji mənbələrindən, xüsusən günəş enerjisindən istifadə edilməsi üzrə layihələrin həyata keçirilməsinə 2016-cı ildə başlanılıb. BƏƏ-nin bərpa olunan enerji istehsalı üzrə aparıcı “Masdar” şirkəti indiyədək müvafiq enerji istehsalına 20 milyard dollardan artıq sərmayə qoyub. Günəş və külək elektrik stansiyalarının inşası üzrə Yaxın Şərqin ən böyük şirkəti dünyanın 40 ölkəsində fəaliyyət göstərir. Bundan başqa, ölkənin daha bir böyük şirkəti olan “Barakah” bərpaolunan enerji istehsalı üzrə yeni layihələr həyata keçirir.

BƏƏ-nin energetika və infrastruktur naziri Suhail Al Mazrouei bildirib ki, son illər bərpaolunan enerjinin iqtisadiyyatda payı artır. Onun sözlərinə görə, Əbu-Dabi və Dubayda fəaliyyət göstərən enerji şirkətləri bu sahədə dünya lideri olmaq niyyətindədir.

Misir hökuməti də müvafiq sahə üzrə mühüm addımlar atır. 2019-cu ildə qəbul olunmuş Milli Bərpaolunan Enerji Proqramında (IRENA) 2035-ci ilədək elektrik enerjisinin 42 faizinin günəş və külək stansiyalarından əldə olunması nəzərdə tutulur. 2019-cu ilin noyabrında istifadəyə verilmiş Benban günəş enerjisi parkı 1465 MV gücündədir. Hazırda Misirdə bərpaolunan enerji mənbələrinin ölkənin ümumi enerji təminatında payı cəmi 11 faizdir, lakin yeni proqramda Səudiyyə Ərəbistanı, BƏƏ və Almaniya şirkətlərinin iştirakı ilə qarşıdakı iki ildə bu rəqəmin 22 faizə çatdırılması nəzərdə tutulur. Ötən il bütün ilboyu günəşli hava şəraitinin hökm sürdüyü Misirdə Avropa Yenidənqurma və İnkişaf Bankının maliyyə dəstəyi ilə iki günəş elektrik stansiyası istifadəyə verilib. Onlardan biri Qahirə yaxınlığındakı Beheyra ərazisində, digəri Asuan vilayətinin Abidos rayonunda yerləşir.

Ekspertlər hesab edirlər ki, karbohidrogen ehtiyatları ilə zəngin olan ərəb ölkələrinin hökumətləri neft-qaz ixracından əldə olunan böyük vəsaitlər hesabına bərpaolunan enerji istehsalını artırmaqla, eyni zamanda, dünyanın müxtəlif ölkələrində bu sahəyə böyük investisiyalar qoymaqla, öz xalqlarının gələcək rifahına zəmin hazırlayırlar.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.