İQTİSADİYYAT
“Yaşıl enerji” və “Ağıllı kənd” layihələri azad olunmuş ərazilərdə enerji tələbatının alternativ mənbələr hesabına formalaşmasına imkan verəcək
Bakı, 10 iyun, AZƏRTAC
“Yaşıl enerji” və “Ağıllı kənd” layihələrinin tətbiqi işğaldan azad edilmiş ərazilərimizdə enerjiyə olan tələbatın alternativ mənbələr hesabına formalaşmasına imkan verəcək.
AZƏRTAC xəbər verir ki, bun sözləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Deputat bildirib ki, işğaldan azad olunmuş ərazilərimizin sistemli şəkildə bərpası və yenidən qurulması həyata keçirilir. Suqovuşan və Talış kəndində infrastrukturun bərpası da birbaşa bundan xəbər verir. Artıq bərpa və yenidənqurma prosesi yeni mərhələyə qədəm qoyub. Nəzərə alsaq, burada müasir çağırışlara uyğun olaraq, dünya praktikasında sınaqdan çıxmış üsullardan istifadə edilir. “Yaşıl enerji”, “Ağıllı kənd” layihələrinin tətbiqi imkan verəcək ki, işğaldan azad olunmuş ərazilərimizdə enerjiyə olan tələbat alternativ mənbələr hesabına formalaşsın. Artıq bu istiqamətdə işlər sürətlənir. Araz çayı üzərində qurulmuş iki su elektrik stansiyasının inşası tamamlanmaq üzrədir. “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyaları həmin ərazilərimizin enerjiyə olan tələbatın ödənməsinə şərait yaradacaq. Eyni zamanda, 5 yarımstansiyanın inşası ilə bağlı işlər həyata keçirilir. Günəş və külək enerjisindən aktiv şəkildə istifadə edilməsi “Yaşıl enerji” konsepsiyasının əsas elementlərindəndir. Xüsusən nəzərə alsaq ki, işğaldan azad olunmuş ərazilərimizin potensialı böyükdür. Bu da həmin ərazilərdə istehsal olunan enerjinin həm də digər rayonlara nəql edilməsinə imkan yaradacaq.
“Digər mühüm məqamlardan biri “Ağıllı kənd” konsepsiyasına uyğun olaraq yaşayış məntəqələrinin bərpa edilməsidir. Burada əsas məqsəd həm idarəetmənin elektronlaşması, kommunal xidmətlərin, məşğulluğun, eləcə də sosial xidmətlərə əlçatanlığın təmin edilməsinə nail olmaqdan ibarətdir. Bu konsepsiya imkan verəcək ki, həmin ərazilərdə yaşayanlar işlə təmin olunsunlar, fasiləsiz kommunal xidmətlərdən faydalansınlar. Bu da həmin bölgələrin inkişafı baxımından çox vacibdir”, - deyə V.Bayramov qeyd edib.