CƏMİYYƏT


“Yaşıl enerji” zonasının yaradılması ölkənin ekoloji təhlükəsizlik və dayanıqlı inkişafına töhfə verəcək

Bakı,13 may, AZƏRTAC

Beynəlxalq İqlim Günü ərəfəsində Milli Hidrometeorologiya Xidmətinin təşkilatçılığı ilə Bakı Dövlət Universitetində (BDU) “Şuşanın istixana qazlarından azad yaşıl iqtisadi inkişafı perspektivləri” mövzusunda tədbir keçirilib.

Tədbirdə Milli Hidrometeorologiya Xidmətinin mütəxəssisləri, BDU-nun professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən xidmət rəisi Umayra Tağıyeva iqlim dəyişmələri, onun nəticələri və bununla bağlı ölkəmizin götürdüyü öhdəliklərin yerinə yetirilməsi, ölkədə meşə sahələrinin genişləndirilməsi, bərpa olunan enerji mənbələrindən istifadənin artırılması barədə iştirakçılara məlumat verib.

Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə hidrometeoroloji müşahidə şəbəkəsinin bərpası, “netto sıfır emissiya” və “yaşıl enerji” zonalarının yaradılmasının ölkənin ekoloji təhlükəsizlik və dayanıqlı inkişafına töhfə verəcəyini vurğulayıb.

Tədbirdə ölkəmizin COP26 çərçivəsində iqlim dəyişikliyinin təsirinin azaldılması səylərini dəstəkləmək məqsədilə bir sıra beynəlxalq təşəbbüslərə qoşulduğu da diqqətə çatdırılıb.

Sonda Şuşa şəhərinin ölkəmizin mədəniyyət paytaxtı olmaqla yanaşı, ekoloji təmiz, yaşıl iqtisadi inkişaf mərkəzi kimi dünyanın ən cəlbedici məkanı, elmi, mədəni mərkəzinə çevrilməsi üçün ardıcıl effektiv fəaliyyətin həyata keçirildiyi vurğulanıb, təqdimatlar nümayiş etdirilib.

Xatırladaq ki, mayın 15-i bütün dünyada Beynəlxalq İqlim Günü kimi qeyd olunur. Bu günün təsis edilməsində əsas məqsəd dünyanın dayanıqlı inkişafı üçün iqlim dəyişmələri ilə mübarizəyə beynəlxalq ictimaiyyətin cəlb edilməsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.