ELM VƏ TƏHSİL


“Yaşıl şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində VI Ekoloji Forum keçirilib

Bakı, 1 may, AZƏRTAC

Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü və təşkilatçılığı “Yaşıl şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində VI Ekoloji Forum keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, forumun keçirilməsində məqsəd ətraf mühitin qorunması sahəsində məktəblilərin ekoloji biliklərinin artırılması, onlarda xüsusi bacarıq və səriştənin formalaşdırılması, “Yaşıl şəbəkə” devizi altında uşaq və gənclərin ekoloji hərəkatının genişləndirilməsi, 2020-ci il fəaliyyətinə dair təcrübə mübadiləsinin aparılmasından ibarətdir.

Onlayn keçirilən VI Ekoloji Forumda Bakı şəhəri üzrə 50 ümumtəhsil məktəbi və 30 regional uşaq–gənclər inkişaf mərkəzində fəaliyyət göstərən ekoklubların 2500 üzvü arasından seçilmiş 250-ə yaxın məktəbli iştirak edib.

Forumda iştirak edən təhsil nazirinin müavini Firudin Qurbanov dayanıqlı inkişaf yolunda inamla addımlayan ölkəmizin ətraf mühitinin qorunması və təbii sərvətlərdən davamlı istifadənin gənc nəsildə yeni ekoloji bilik və bacarıqların formalaşmasından çox asılı olduğunu qeyd edib. Nazir müavini çıxışında sağlam ekoloji mühitin hər kəs üçün həyati əhəmiyyətə malik olduğunu vurğulayıb, işğaldan azad olunmuş torpaqlarımızda təbiətin bərpası, yeni yaşıllıq zolaqlarının salınması, meşələrin artırılması, “yaşıl” şəhər və kəndlərin salınması, alternativ enerji mənbələrinin istifadəsində hər kəsin yaxından iştirak etməli olduğunu gənclərin diqqətinə çatdırıb. Firudin Qurbanov sonda gənclərə ekoloji bilik və bacarıqlarını artırmaqla ölkəmizin inkişafının təmin edilməsi, modernləşdirilməsi və ekoloji vəziyyətin yaxşılaşdırılmasında uğurlar arzulayıb.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov işğaldan azad olunmuş torpaqlarımızda aparılan ekoloji monitorinqlər barədə məlumat verib.

IDEA İctimai Birliyinin icraçı direktoru Surxay Şükürov ekoloji təhsil və maarifləndirmənin rolunun əvəzedilməz olduğunu, gənc təbiətsevərlərin səfərbər olması ilə dünyada sürətli və müsbət dəyişiklikləri görə biləcəyimizi qeyd edib.

Daha sonra Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının rezident nümayəndəsinin müavini Çaru Bist müraciətində ölkənin ətraf mühitini qorumaqda bu qədər fəal olduqlarına görə Azərbaycan gənclərinə xüsusilə təşəkkür edib.

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultanzadə təqdimat ilə çıxış edərək, 6 il ərzində “Yaşıl şəbəkə” ekoloji maarifləndirmə proqramının nailiyyətləri, həyata keçirilən ekoloji istiqamətli layihələrin, aksiyaların əldə etdiyi uğurların və ekoloji könüllülük hərəkatının, uşaq və gənclər arasında ekoloji liderlərin formalaşmasının əhəmiyyəti barədə ətraflı məlumat verib.

Forumun plenar sessiyasında ilin ən aktiv ekoklub lideri olan Səməd Əlizadə 2020-2021-ci il onlayn tədris ili üçün hazırlanan “Yaşıl şəbəkə” ekoklubların illik hesabatını təqdim edib. On ekoklub liderinin “Yaşıl iqtisadiyyat”, “Yaşıl turizm”, “Yaşıl aqrar”, “Yaşıl ətraf mühit”, “Yaşıl elm”, “Yaşıl yaradıcılıq”, “Yaşıl cəmiyyət”, “Yaşıl texnologiya”, “Yaşıl şəhər”, “Yaşıl liderlər” ekoloji istiqamətləri üzrə təqdimatları və yeni tədris ilində ekoloji hərəkata əlavə olunması üçün təklifləri müzakirə edilib.

Sonda ekoklub üzvləri tərəfindən “Dünyanı dəyişəcək 30 saniyə” şüarı altında hazırlanan qısa videoçağırış müsabiqəsinin qalibləri açıqlanıb. Seçilmiş videoçarxların nümayişi və məşhur beynəlxalq ekoloqların videomesajları yayımlanıb, gənc ekoloqlar üçün interaktiv yarışma təşkil olunub.

Forumun iştirakçıları diplomlarla təltif ediliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.