İQTİSADİYYAT
“Yaşıl” texnologiyaların istifadəsi yeni iqtisadi perspektivlər yaradacaq
Bakı, 22 may, AZƏRTAC
ATƏT regionunda mürəkkəb təhlükəsizlik mühiti dövrünün pandemiyadan sonrakı iqtisadiyyatın bərpasındakı çətinliklər və digər çağırışlarla müşayiət edildiyi bir vaxtda, bugünkü konfrans davamlı inkişafda yaşıl iqtisadiyyatın və qarşılıqlı əlaqənin rolu kimi mühüm məsələlərə həsr olunub. Bunlar panel iştirakçılarımız tərəfindən ətraflı müzakirə ediləcək.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova mayın 22-də Bakıda keçirilən “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, "yaşıl" texnologiyaların istifadəsi təkcə ətraf mühitin qorunmasını təmin etməyəcək, həm də yeni iqtisadi perspektivlər yaradacaq. Bu da davamlı inkişafın bütün aspektlərinə müsbət təsir göstərəcək. İnklüziv yaşıl iqtisadiyyata keçid istər-istəməz tədricən olacaq və bir çox problemlərlə müşayiət ediləcək. Ancaq irəliyə doğru düzgün addımlar ataraq onu sabit və davamlı etmək olar.
Bu, Azərbaycanın gündəmində də mühüm yer tutur. Son illərdə bərpaolunan enerji mənbələrinin enerji təchizatındakı payının əhəmiyyətli dərəcədə artırılması üçün mühüm addımlar atılıb. 2021-ci ildə parlamentimiz "Elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadə haqqında" Qanun qəbul edib.
"Bu gün artıq beynəlxalq tərəfdaşlarla birgə külək və Günəş elektrik stansiyalarının tikintisi üzrə bir neçə layihə həyata keçirilir. Yaşıl enerji sahəsində yalnız milli potensialın yaradılması deyil, həm də ondan beynəlxalq əməkdaşlığın təşviqində istifadə edilməsi üçün addımlar atılır. Ötən ilin dekabrında Buxarestdə "Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında” Saziş imzalanıb. Azərbaycanın nəhəng bərpaolunan enerji resursları ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolunu artıracaq", - deyə parlamentin sədri əlavə edib.