CƏMİYYƏT
Yaşıllıq və parkların mövcud vəziyyətinin qiymətləndirilməsi məqsədilə fitosanitar monitorinqlər aparılıb
Bakı, 15 oktyabr, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi respublika ərazisində karantin obyekti olan zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və mübarizə tədbirlərinin təşkili məqsədilə fitosanitar monitorinqləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Gəncə regional bölməsinin inzibati xidməti ərazisində yaşıllıq və parkların mövcud vəziyyətinin qiymətləndirilməsi, xəstəlik və zərərvericilərə sirayətlənmə dərəcəsi, o cümlədən iri, orta və cavan gövdəli ağac, kol və gül bitkilərinin bioekoloji xüsusiyyətləri nəzərə alınmaqla qurumuş, yarı qurumuş şəkildə aşkar edildikdə onların quruma səbəblərini müəyyən etmək və operativ tədbirlərin görülməsi məqsədilə fitosanitar monitorinq aparılıb.
Monitorinq nəticəsində dekorativ ağac, kol və gül bitkilərinin mövcud vəziyyəti yerində təhlil edilərək bitki və bitkiçilik məhsullarına zərər verən karantin tətbiq edilən Avstraliya şırımlı yastıcası, Yaponiya mumlu yalançı çanaqlı yastıcası, əncir mumlu yalançı çanaqlı yastıcası, digər zərərli orqanizmlərdən çanaqlı ilbizə, qızılgül yarpaq bükəni, ziyankar bağacıq və mənənə ilə zəif sirayətlənmə aşkar edilib.
Aşkar olunmuş hallarla əlaqədar müvafiq tədbirlər görülüb, həmçinin yaşıllıq və parklara aqrotexniki qaydada qulluq edən sahə aqronomu və texniki işçilərlə elmi-təcrübi fikir mübadiləsi aparılıb və maarifləndirici tövsiyələr verilib.