CƏMİYYƏT
Yaşıllıqlara ziyan vuran obyekt sahibi cəzalandırılıb
Bakı, 13 yanvar, AZƏRTAC
Bakı şəhəri Atatürk prospektində ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin internet səhifəsinin “Eko-Radar” bölməsinə daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.
Xidmətin rəsmisi Bəhruz Məhəmmədov AZƏRTAC-a bildirib ki, həmin əraziyə keçirilən baxış zamanı Atatürk prospekti 118A ünvanında yerləşən obyektin qarşısındakı 3 müxtəlifcinsli ağacın qanunsuz olaraq gövdəsinin üst hissəsindən budandığı, 3 zeytun ağacının və bir neçə dekorativ kolun isə kökündən çıxarıldığı məlum olub: “Ağacların müvafiq ekspertiza rəyi olmadan qanunsuz köçürülməsinə və budanmasına göstəriş verən obyekt sahibi Muxtar Gülməmmədov barəsində akt, protokol tərtib olunub və o, vəzifəli şəxs qismində 5000 manat məbləğində cərimə edilib”.