CƏMİYYƏT


Yaşıllıqların uçotu, kadastrı və monitorinqi onun növləri üzrə ayrıca aparılır

Bakı, 17 may, AZƏRTAC 

Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında qərar qəbul olunub.

Nazirlər Kabinetindən AZƏRTAC-a verilən məlumata görə, bu Qaydanın tələbləri Azərbaycan Respublikasının ərazisində yaşıllıqların mühafizəsi sahəsində hüquq münasibətlərinin subyektləri olan dövlət orqanlarına, bələdiyyələrə, fiziki və hüquqi şəxslərə şamil edilir. Qayda meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, ölkə ərazisindəki yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılmasını tənzimləyir.

Yaşıllıqların uçotu və monitorinqi istifadəsində olan torpaq sahələrində mərkəzi icra hakimiyyəti orqanları, digər torpaq sahələrində (bələdiyyə mülkiyyətində olan torpaq sahələri istisna olmaqla) yerli icra hakimiyyəti orqanları, yaşıllıqların kadastrının aparılması bu Qaydaya uyğun olaraq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən həyata keçirilir. Bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotunu və monitorinqini bələdiyyələr aparır. Yaşıllıqların uçotu, kadastrı və monitorinqi bu Qaydaya uyğun olaraq, vahid metodika əsasında, növləri üzrə ayrıca aparılır. Vətəndaş cəmiyyəti institutları, Azərbaycan Respublikasının vətəndaşları yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin həyata keçirilməsi ilə əlaqədar işlərdə “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq iştirak edirlər. Fiziki və hüquqi şəxslərin yaşıllıqların uçotu, kadastrı və monitorinqi barədə ETSN-dən və müvafiq bələdiyyələrdən məlumat almaq hüququ var.

Qərarda göstərilir ki, yaşıllıqların uçotu və kadastrı onların kəmiyyət və keyfiyyət göstəriciləri, növü, ərazisi və onlar barədə digər məlumatların toplanması, sanitariya-gigiyena və fitosanitar normalarına uyğunluğun təmin edilməsi, səmərəli idarə edilməsi və mühafizəsinə nail olunması, mövcud vəziyyəti haqqında ətraflı məlumat əldə etmək imkanının yaradılması məqsədilə icra olunur. Yaşıllıqların uçotu ETSN-in müasir topoqrafiya, geodeziya alətlərindən, kosmik və aerofoto çəkiliş şəkilləri əsasında yaradılmış ortofotoplanlardan və müvafiq proqram təminatından istifadə etməklə, əsasən ilin yaz və payız aylarında, habelə elmi-praktiki dəstəyə ehtiyac olduqda elmi müəssisə və təşkilatların əməkdaşlarını və ixtisaslaşdırılmış mütəxəssislərini Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq cəlb etməklə bu ardıcıllıqla aparılır: yaşıllıq əraziləri barədə məlumatlar yaşıllıqların mühafizə, torpaq, tikinti və şəhərsalma sahəsində normativ hüquqi və texniki normativ hüquqi aktlar nəzərə alınmaqla çöl tədqiqat işləri nəticəsində dəqiqləşdirilir, yaşıllıqların növləri, ağac, kol, gül-çiçək və ot bitkiləri (qazonlar) birillik və çoxillik olmaqla qruplara ayrılır, müvafiq yaşıllıq ərazisində olan ağacların və kolların sayı, hər birinin diametri (santimetrlə - torpaq səthindən götürülməklə), gül-çiçək və ot bitkilərinin (qazonların) kvadratmetrlə ölçüləri və bioloji inkişaf vəziyyəti araşdırılır, onların nə zaman salınması öyrənilir və ya illik həlqələrinin sayılması yolu ilə yaşı müəyyən edilir, yaşıllıqların bioloji, sanitariya-gigiyena və fitosanitar vəziyyəti 3 ballıq şkalaya uyğun qiymətləndirilir: yaxşı, kafi, qeyri-kafi, çöl-tədqiqat və ya kameral şəraitdə yaşıllıq ərazilərinin sərhədləri daxilində olan bütün konturların (çevrələrin) daxilindəki topoqrafik elementlər, kolluqlar, daşlıqlar, qumsallıqlar, bataqlıqlar və sair yaşıllıq əraziləri istifadə edilib-edilməməsindən asılı olmayaraq yaşıllıqların kadastrının məlumat bazasına daxil edilməsi üçün ortofotoplanlar üzərinə köçürülür və müvafiq miqyaslara uyğun laylar üzrə şərti işarələrlə göstərilir, Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş, habelə nadir və növü kəsilmək təhlükəsi qarşısında olan ağac və kollar uçot məlumatlarında xüsusi işarələrlə qeydə alınır, çöl-tədqiqat və ya kameral şəraitdə işlər yekunlaşdıqdan sonra ortofotoplanlarda müəyyən edilmiş konturlar yaşıllıqların kadastrının məlumat bazasına köçürülür, sahələr müvafiq proqram təminatı vasitəsilə hesablanır və ərazilər üzrə yekun yaşıllıq eksplikasiyası tərtib edilir, çöl-tədqiqat və ya kameral şəraitdə işlənmiş materiallara əsasən yaşıllıqların kadastrının məlumat bazasında cəmləşdirilmiş informasiyaya uyğun olaraq, yaşıllıqlar üzrə 1:5000, 1:10000, 1:25000 miqyaslarında, zərurət yarandıqda isə daha irimiqyaslı rəqəmsal xəritələr, planlar və sxemlər tərtib olunur, ehtiyac olduqda çap edilir.

Qərara görə, istifadəsində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə bələdiyyələr, digər torpaq sahələrindəki yaşıllıqlara münasibətdə yerli icra hakimiyyəti orqanları tərəfindən ayrı-ayrı inzibati ərazi vahidləri üzrə yaşıllıqların uçotunun nəticələri barədə hesabatlar təyinatından və istifadə qaydasından (rejimindən) asılı olaraq, şəhərlərdə və digər yaşayış məntəqələrində, infrastruktur obyektlərinin hüdudlarında olan yaşıllıqlar ümumi istifadədə olan yaşıllıqlar, məhdud istifadəli yaşıllıqlar, xüsusi təyinatlı yaşıllıqlar hüdudlarında salınmış yaşıllıq zolaqları, tingliklər (şitilliklər), küçə yaşıllıqları, mühafizə, sanitariya-mühafizə və digər qoruyucu zonalarda, o cümlədən su mühafizə zonalarının və onların sahil mühafizə zolaqlarının altında olan torpaqlarda, xatirə kompleksləri (xiyabanlar) və qəbiristanlıqlar ərazisində olan və digər yaşıllıqlar) üzrə tərtib olunur.

Yaşıllıqların uçot hesabatlarına onların yerləşdiyi torpaq sahələrinin hüquqi statusu, kəmiyyət və keyfiyyət göstəriciləri (izahat arayışı ilə birlikdə), təyinatından və istifadə rejimindən asılı olaraq, növləri və cins tərkibi (ağac, kol, gül-çiçək və ot bitkiləri (qazonlar) üzrə), ərazisi və onların iqtisadi qiymətləndirilməsini əhatə edən digər məlumatlar, kadastrının məlumat bazasında cəmləşdirilmiş informasiyaya uyğun olaraq rəqəmsal xəritələr, planlar və sxemlər daxil edilməlidir.

İstifadəsində olan torpaq sahələrində mərkəzi icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaq sahələrində bələdiyyələr, digər torpaq sahələrində yerli icra hakimiyyəti orqanları aidiyyəti üzrə yaşıllıqların uçota alınmamasına, kəmiyyət və keyfiyyət göstəricilərinin tam və dürüst əks olunmamasına, onların növlərinin, yaşıllıq ərazilərinin və yaşıllıq barədə digər məlumatların təhrif edilməsinə və bu məlumatların ETSN-ə təqdim edilməməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun məsuliyyət daşıyırlar.

Qərarda yaşıllıqların monitorinqinın aparılmasının məqsədinin hər hansı bir yaşıllıq obyektində təbii proseslərin gedişini izləmək, bu sahədə çoxməqsədli informasiyanı toplamaq, yaşıllıqlarda baş verən dəyişiklikləri vaxtında aşkar etmək, onların vəziyyətini və dinamikasını qiymətləndirmək və proqnozlaşdırmaq, onlara mənfi təsirlərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün yaşıllıqların üzərində müntəzəm müşahidələr və tədqiqatlar aparmaq, antropogen təsirlər nəticəsində yaşıllıq üçün kritik vəziyyətin yaranması haqqında toplanmış məlumatlar əsasında xəbərdarlıq etmək olduğu qeyd edilib. Əhatə dairəsinə görə monitorinq lokal, regional və qlobal-biosfer sahələrə bölünür. Təyinatına görə yaşıllıqların monitorinqi baza, yaxud fon, impakt, regional və sürətli lokal təsir dairələrinə ayrılır. Yaşıllıqların monitorinqinin aparılması ildə ən azı bir dəfə həyata keçirilir.

Yaşıllıqların monitorinqi onların ekoloji funksiyalarını tam öyrənmək məqsədi ilə müşahidə yerlərinin, təbiət və təbii amillər nəticəsində geosistemdə gedən dəyişikliklərin istiqamətinin və dinamikasının müəyyənləşdirilməsi, müşahidələrin aparılmasında, məlumatların toplanmasında, təhlilində və ümumiləşdirilməsində yeni texnologiyalardan, yerli və aerokosmik çəkilişlərdən, müxtəlif xəritə materiallarından istifadə edilməsi, yaşıllıq ərazilərində zərərvericilərin və xəstəlik mənbələrinin aşkarlanması, onların yayılmasının qarşısının alınması üçün fitosanitar tədbirlərin həyata keçirilməsinin təmin edilməsi üsulları vasitəsilə aparılır.

Yaşıllıqların monitorinqi yaşıllıqların kadastrı hüdudlarında aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.