CƏMİYYƏT
“Yaşlek” Azərbaycan Tatar Gəncləri Mərkəzi Azərbaycan Silahlı Qüvvələrinə dəstək aksiyası keçirəcək
Bakı, 8 oktyabr, AZƏRTAC
“Yaşlek” Azərbaycan Tatar Gəncləri Mərkəzi Azərbaycan Silahlı Qüvvələrinə dəstək aksiyası keçirəcək.
Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, tatar diasporunun üzvləri arasında Azərbaycan Ordusuna göndərilmək üçün isti geyim əşyaları, dava-dərman və gigiyena vasitələri toplanması aksiyası elan edilib.
Azərbaycan Tatar Gəncləri Mərkəzində deyiblər: “Tatarlar fəalların çağırışına böyük ruh yüksəkliyi ilə qoşulublar. İnsanlar geyim əşyaları və dava-dərmanla bərabər cəbhədə vuruşan döyüşçülərimizə hədsiz təşəkkür bildirən səmimi məktublar da gətirirlər”.
Sentyabrın 27-də Ermənistan silahlı qüvvələri Azərbaycan Respublikasına qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb, Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və mülki obyektlərimizi intensiv atəşə tutublar. Azərbaycan Silahlı Qüvvələri bu hərbi təcavüzə cavab olaraq Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 51-ci maddəsinə tam uyğun şəkildə, hər bir dövlətin özünümüdafiə hüququ və beynəlxalq hüququn normaları nəzərə alınmaqla işğalçı qüvvələrə qarşı əks-hücuma keçiblər. 2020-ci il sentyabrın 27-dən bəri təmas xəttindən 50-250 kilometr məsafədə yerləşən Gəncə, Biləsuvar, Tərtər, Ağcabədi, Bərdə və Xızı şəhərlərində Azərbaycanın dinc əhalisinin nizamsız şəkildə atəşə tutulması nəticəsində 29 dinc sakin, o cümlədən 3 uşaq həlak olub, 144-dən çox insan müxtəlif dərəcəli xəsarətlər alıb.