CƏMİYYƏT
“Yaşlı könüllülər” layihəsi həyata keçirilməyə başlanıb
Bakı, 4 sentyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında qarşılıqlı əməkdaşlığa dair Memorandumun tərkib hissəsi kimi “Yaşlı könüllülər” layihəsinin həyata keçirilməsinə başlanılıb. Nazirliyin pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində yaşayan pensiyaçıların bir qismi layihə çərçivəsində “ASAN xidmət” mərkəzlərində könüllülük fəaliyyətinə cəlb olunublar.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlar bir ay ərzində “Könüllülüyün yaşı yoxdur” şüarı altında uşaqlar üçün ayrılmış oyun guşəsində balacaların qeydiyyatının aparılması və onlara nəzarətin həyata keçirilməsi, vətəndaş axınının idarə olunması, müraciətlərin müvafiq bölmələrə yönləndirilməsi, vətəndaşlardan xidmətlərlə bağlı rəy sorğularının götürülməsində və s. işlərdə yardımçı olacaqlar.
Layihənin məqsədi ASAN Könüllülük Məktəbi vasitəsilə yaşlıları təcrübə mübadiləsinə cəlb etmək, asudə vaxtlarının səmərəli təşkili, cəmiyyətdə aktiv rol oynamağa dəvət etmək, onlara sosial inteqrasiya və yeni insanlarla tanış olmaq imkanı yaratmaqdır.
Gələcəkdə layihənin əhatə dairəsinin daha da genişləndirilməsi nəzərdə tutulub.