İQTİSADİYYAT
Yaxın Şərq: Dünyanın təbii qaz mərkəzi
Bakı, 4 iyul, Nihad Budaqov, AZƏRTAC
Keçən il dünyanın ən çox təsdiq olunmuş təbii qaz ehtiyatına malik bölgəsi 79,4 trilyon kubmetrlik ümumi ehtiyatla Yaxın Şərq olub.
AZƏRTAC xəbər verir ki, Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) yayımladığı illik statistik bülletendə 2015-ci ildə dünyada ümumi təsdiq edilmiş təbii qaz ehtiyatının 201 trilyon 966 milyard kubmetr olduğu bildirilir. Dünyada təsdiq edilmiş təbii qaz ehtiyatlarının ən çox olduğu bölgə isə Yaxın Şərqdir. İran, İraq, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) yerləşdiyi bu bölgənin 79 trilyon 430 milyard kubmetr ümumi təsdiq edilmiş təbii qaz ehtiyatı var. Bölgədəki ölkələrin sıralamasında İran 33 trilyon 500 milyard kubmetrlik təsdiq edilmiş ehtiyatı ilə birinci yerdə, Qətər - 24 trilyon 299 milyard kubmetrlə ikinci, Səudiyyə Ərəbistanı isə 8,6 trilyon kubmetrlik ehtiyatla üçüncü sırada qərarlaşıb. Dördüncü yerdə Birləşmiş Ərəb Əmirlikləri - 6,1 trilyon kubmetr, beşinci yerdə İraq - 3,2 trilyon kubmetr, altıncı yerdə Küveyt - 1,8 trilyon kubmetr, yeddinci yerdə Oman - 0,931 trilyon kubmetr, bölgənin qalan ölkələri isə 1,1 trilyon kubmetr ehtiyata sahibdir.
Yaxın Şərqdən sonra ikinci ən böyük təbii qaz ehtiyatının olduğu bölgə 65 trilyon 422 milyard kubmetrlə Şərqi Avropa və Avrasiyadır. Bu bölgədəki Rusiya 49 trilyon 541 milyard kubmetrlik qaz ehtiyatına görə dünyada ilk sırada qərarlaşıb.